“Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı çox deyil” – YAP-çı deputat

14-01-2019, 15:39 211 dəfə baxılıb

“Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı çox deyil” – YAP-çı deputat


“Vergi və gömrük sistemindəki aparılan islahatlar nəticəsində şəffaflıq təmin edilib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan iqtisadiyyatında “kölgə iqtisadiyyatı”nın payı və onun aradan qaldırılmasına yönəlik tədbirləri dəyərləndirən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Hüseynov deyib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “kölgə iqtisadiyyatı”nı “böyük bəla” kimi qiymətləndirib və ona qarşı ciddi mübarizə aparıldığını deyib:

“Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq.

Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”.

Azərbaycanda “kölgə iqtisadiyyatı”na qarşı aparılan mübarizəni Yenicag.az-a dəyərləndirən millət vəkili Aydın Hüseynov müsbət nəticələrin olduğunu bildirib:

“Siz bilirsiz ki, prezident İlham Əliyevin apardığı iqtisadi siyasətin kökündə şəffaflıq dayanır və özəl sektora, bütövlükdə iqtisadiyyata mane olan bütün obyektiv-subyektiv halların aradan qaldırılması üçün addımlar atılır.

Bu addımlardan ən başlıcası sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması, yoxlamaların yeddi il müddətinə ləğv olunması, o cümlədən, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstəkdir.

Eyni zamanda, gömrük və vergi sistemində aparılan islahatlar, tətbiq olunan güzəştlər, məmur-vətəndaş münasibətlərinin tənzimlənməsi və innovativ yeninliklər – xüsusilə, ASAN Xidmət – də bu sırada qeyd edilməlidir. Yəni bu çərçivədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bərabər, inzibati tədbirlər həyata keçirilir.

Bütün bu tədbirlər Azərbaycandakı “kölgə iqtisadiyyatı” və başqa neqativ halların aradan qaldırılması istiqamətində görülən işlərdir. Vurğulaya bilərik ki, hazırda Azərbaycan iqtisadiyyatında “kölgə iqtisadiyyatı”nın payı çox deyil. Əgər müəyyən hallar varsa belə, o da aradan qaldırılır. Sadəcə, məqsəd şəffaflığın tamamilə təmin olunmasıdır.

Vergi və gömrük sistemindəki kadr dəyişiklikləri və qanunvericilik bazasının təkmilləşdirilməsi, o cümlədən, görülən inzibati tədbirlər nəticəsində şəffaflıq təmin edilib. Təkcə gömrük sistemində aparılan islahatlar sayəsində ölkə büdcəsinə bir milyard manata yaxın vəsait daxil oldu. Qeyd etdiyimiz islahatlar davamlı və məqsədyönlüdür”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR