ABŞ konqresmenləri Qarabağ səmasında: həmsədr ölkə nə demək istəyir? - TƏHLİL

10-10-2019, 11:28 322 dəfə baxılıb

ABŞ konqresmenləri Qarabağ səmasında: həmsədr ölkə nə demək istəyir? - TƏHLİL


Son zamanlar ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensiv xarakter daşımağa başlayıb. Konqresdəki erməni lobbisi var gücü ilə işğalçılığı stimullaşdıran və separatizmə nəfəs verən addımlarını davam etdirməkdədirlər.

Əslində ABŞ Konqresinin nə dərəcədə “ədalətli” olduğunu biz bu gün, konqresmenlərin Qarabağa qeyri-qanuni səfərləri ilə deyil, hələ 1992-ci ildən-Azərbaycan ordusu Ağdərə əməliyyatını uğurla keçirib, terrorçuları və separatçıları məhv edəndən, Xankəndinin bir neçə kilometrliyinə çatan zaman şahid olmuşuq. O zaman “Konqres Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul etməklə faktiki olaraq təcavüzə məruz qalmış ölkəmizə qarşı sanksiya tətbiq etmiş oldu. Sonrakı dönəmdə bu sanksiya dondurulsa da, hələ ki, ləğv edilməyib. Məhz bundan şirniklənən ermənilər vaxtaşırı Konqresdə Ermənistana və Dağlıq Qarabağdakı separatçılara maliyyə yardımının ayrılması barədə təşəbbüs qaldırırlar. Təxmini hesablamalara görə, ABŞ bu günədək Ermənistana və Qarabağ ermənilərinə müxtəlif adlar altında 2 milyard dollardan artıq yardım ayırıb ki, bu da son nəticədə işğalın davamına yönəldilib.

Budur, ABŞ Konqresinin üzvləri Cudi Çu və Cek Spayer Qarabağa qanunsuz səfər edən növbəti konqresmenlərdən olublar. Həftəni ikinci günü amerikalı konqresmenlər Ermənistandan helikopterlə Azərbaycan torpaqlarına uçublar və Bakının istismarına icazə vermədiyi hava limanına eniblər. Konqresmenlər qondarma qurumun ABŞ-dakı daimi “nümayəndəsi” Robert Avetisyanın, Amerika erməniləri qurultayının həmsədri Entoni Barsamyanın və “Hayastan” fondunun ABŞ bölməsinin rəhbəri Maria Mihranyanın müşayiəti ilə bölgəyə gəliblər. Onların bu səfəri nümayişkaranə şəkildə həyata keçirməsi, separatçılarla çox isti təmasları dolayısı ilə Azərbaycana və beynəlxalq qanunlara meydan oxumaqdır.

Bundan bir neçə gün əvvəl ABŞ Konqresinin digər üzvü, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində səfər etmişdi. Bu barədə konqresmenin İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə bildirmiş və erməni baş nazir Qarabağa səfər etdiyinə görə ona təşəkkür etmişdi.

Beləliklə, söhbət ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ-dan, onun konqresmenlərindən gedir. Bu mənada məsələyə səthi yanaşmaq olmaz. Bundan əvvəlki aylarda digər həmsədr Fransanı təmsilçiləri də Qarabağa axın etdilər, hətta “qardaşlaşma sənədləri” də imzalandı. Lakin sonradan Azərbaycan diplomatiyasının hərəkətə keçməsi öz bərəsini verdi və Fransa məhkəmələri qanunsuz sənədləri ləğv etdi. Görünür indi digər həmsədr ölkədəki erməni lobbisini fəaliyyətinə meydan verilməsi istiqamətində hərəkətə keçmək lazım gələcək.

Hər halda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov elə ötən ay ABŞ-da səfərdə olmuşdu, erməni həmkarı ilə məhz həmsədrlərin təkidli xahişləri əsasında bir araya gəlmişdi. Lakin nazirlərə sülhün qaçılmaz olduğunu deyən həmsədrlər Qarabağda savaşı tətikləyəcək addımları görməzdən gəlirlər. “Frank Pallone, ABŞ və “DQR” arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdırmaq, ABŞ tərəfindən maliyyələşdirilən layihələrə və inkişaf edən gənc demokratiyaya köməyin yeni yollarını müəyyənləşdirmək üçün “hökumət” rəsmiləri ilə görüşəcək”, – deyə Amerikanın Erməni Milli Komitəsi öz Twitter hesabında məlumat yayıb. Virtualaz.org xatırladır ki, sentyabrın 27-də ABŞ Konqresindəki Erməni Məsələləri Komitəsi, ABŞ Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Mark Esperə məktub göndərərək, Azərbaycana hərbi yardımın artmasından və Ermənistanla Azərbaycan arasında paritetin pozulmasından narahatlığını ifadə etmişdi.

“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Amerika Erməniləri Assambleyasının icraçı direktoru Arayan Arduni də digər tərəfdən peyda olub. O deyib ki, oyuncaq “arsax prezidenti” ilə görüşdə bir sıra məsələlər müzakirə olunub. Ermənipərəst ABŞ təmsilçisi onu da deyib ki, görüş zamanı Vaşinqtonun Azərbaycana və “artsax”a (?! - E.P.) qeyri-mütənasib (? - E.P.) hərbi yardımı da müzakirə mövzusu olub. O, bu məsələ ilə bağlı ABŞ Konqresindəki erməni məsələləri komissiyasının sədri Frenk Paloneyə konqresmenlər adından məktub yazdıqlarını, Azərbaycana ABŞ-ın hərbi yardımı ilə bağlı qərarından narahat olduqlarını bildirib. Erməni yanlısı deyib ki, Ermənistan və Qarabağ erməniləri ilə bağlı ABŞ-da 150-də artıq görüş keçirib.

Bu yerdə xatırladaq ki, 2017-ci ilin 20 sentyabrında da ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frenk Palon və Tulsi Qebırd işğal altında olan Qarabağa qanunsuz səfər etmişdilər. O zaman da məsələ Azərbaycanın etirazı ilə qarşılanmışdı, amma nəticə dəyişmədi.

Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin münasibətini öyrənməyə çalışsaq da, gün ərzində bu, mümkün olmadı. Ekspertlərimiz isə məsələyə sərt reaksiya tərəfdarıdırlar. Milli Məclisin üzvü, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, amerikan konqresmenlərinin bu səfəri ikili standart deyil, müstəqil bir dövlətə qarşı işğalçılığı açıq şəkildə dəstəkləməkdir: “Bu, ABŞ-ın işğalçılığı sitmullaşdıran bir addımıdır. Biz dəfələrlə vurğulayanda ki, Dağlıq Qarabağın ermənilərə təslim edilməsində ən çox maraqlı olan tərəf ABŞ-dır, buna bir az sadəlövh yanaşılırdı. Biz bütün oxları Rusiya üzərinə yükləyirik, ancaq dərininə araşdırsaq, görərik ki, Rusiyanın və İranın Ermənistana dəstəyinin arxasında da məhz ABŞ-ın gizli iradəsi yer alır. Ona görə də bu konqresmenlərin bu cür tərbiyəsizliyinə qarşı ən sərt formada Azərbaycan hökuməti reaksiya verməlidir. Bu, dolayı yolla dəstək mərhələsinin tamamlandığını göstərir, artıq ABŞ açıq dəstəkləmək strategiyasını işə salıb. Millətimizin səfərbərliyini ağıllı formada gücləndirərək kimsəyə arxayın olmadan işğalçıları cəzalandırmanın yollarını düşünməliyik”.

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a dedi ki, konqresmenlərin hərbi helikopterlə Qarabağa gəldikləri daha çox vurğulanır və bunun da özəl səbəbi var: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Xankəndi hava limanına uçan mülki təyyarələr və ya digər vasitələr vurula bilər və bu hava məkanımızın pozulması deməkdir. Bu bəyanata daim tənqidi yanaşanlar elə həmin konqresmenlərdir və təbii ki, qorxu faktoru da var. Bundan bir neçə gün əvvəl Paşinyan İrəvanda olan ermənipərəst konqresmen Frenk Polloneni qəbul edib. Pollene Konqresdə erməni məsələləri üzrə komissiyanın həmsədridir. Bu konqresmen də Xankəndinə qanunsuz gedənlərdən biridir. Məlumdur ki, ABŞ Senatı partiya baxımından bu gün əsasən respublikaçıların nəzarətindədir, Nümayəndələr Palatası isə əksinə demokratlardır. Demokratları dəstəkləyən elektoratın əsası olmasa da, burada çox saylı ermənilər var. Cudi Çu bir vaxtlar təmas xəttindəki snayperlərin geri çəkilməsi, ağır texnikanın çıxarılması və müşahidə cihazlarının qoyulmasını təklif edən şəxsdir. Bu təklifi də respublikaçı Frenk Pollone və demokrat Ceki Spayer dəstəkləyib”.

A.Nağı qeyd etdi ki, erməni lobbisi hazırda ABŞ-da seçkilərə hazırlaşır: “2016-cı ildə onlar nə Trampı, nə də Klintonu dəstəkləməyiblər. Məlum olan odur ki, ermənilər əsasən gələcək seçkilərdə 2017-ci ildə qanunsuz olaraq Dağlıq Qarabağda olmuş nümayəndələr palatasının üzvü Tulsi Habbardı dəstəkləmək istəyirlər. Yəni bu qanunsuz səfərlər əsasən Ermənistan sevgisi və ya istəyi ilə deyil, əsasən gələcək seçkilərlə bağlıdır. Təbii ki, bu qanunsuz səfərlərlə bağlı Azərbaycan tərəfi öz fikrini daima bildirib və bildirəcək. Təəssüf doğuran digər məsələ isə odur ki, ATƏT-n Minsk Qrupunun ən mühüm üzvlərindən olan ABŞ bu məsələyə biganə yanaşır. Çünki bu səfərlər heç də münaqişənin sülh yolu ilə həllinə dəstək deyil”.

QAT sədri Akif Nağı də hesab edir ki, bir qrup ABŞ konqresmeni artıq açıq şəkildə Dağlıq Qarabağdakı qondarma rejimi təbliğ etməklə məşğuldur: “Əslində bu proses çoxdan başlayıb. Onlar hər dəfə separatçılara təbriklər göndərir, onların guya “azadlıq mübarizəsi apardığını” qabardır , dəstək olduqlarını bildirirlər. Hər kəs bilir ki, konqresmenlər bu işləri təmənna müqabilində görürlər. Bu prosesin qarşısını necə almalı, sualı hər kəsi düşündürür. ABŞ rəhbərliyinə rəsmi və qeyri-rəsmi müraciətlər, etirazlar, ABŞ səfirliyi qarşısında keçirdiyimiz aksiyalar bu günə qədər heç bir nəticə verməyib. ABŞ rəsmiləri standart cavablarla kifayətlənirlər ki, konqresmenlərin hərəkətlərini məhdudlaşdıra bilmirlər”.

A.Nağının fikrincə, əslində rəsmi Vaşinqton bu səfərlərin qarşısını almaq istəsə, buna nail ola bilər: “Amma istəmirlər. Digər yol isə odur ki, Azərbaycan oraya istənilən qanunsuz səfərlər üçün ciddi təhlükə yarada bilər, bunu müxtəlif metodlarla etmək olar. O halda oraya getmək istəyənlər də çəkinərlər ki, başlarına təsadüfən hansısa mərmi düşə bilər. Əlbəttə, ən radikal və təsirli yol müharibənin başlanmasıdır. Müharibəni başlayana qədər isə yuxarıda dediyimiz metodlardan hələlik istifadə etmək olar”.

Bəs, rəsmi Bakının mövqeyi necədir?

XİN-in mətbuat katibi Leyla Abdullayeva Tiflisdə tədbirdə olsa da, sualımızı qısaca cavablandırmaq imkanı tapdı. “Qarabağa qanunsuz səfər edən konqresmenlərdən biri – Cek Spayer - artıq 2018-ci ildən bizim “qara siyahımız”dadır, digər konqresmenin adı isə qanunsuz səfə etdiyinə görə müvafiq siyahıya daxil ediləcək”. Qeyd edək ki, XİN-in mətbuat katibi bundan əvvəl Frank Pallonenin də adının 2017-ci ildən “qara siyahı”da olduğunu bildirib.

Beləliklə, ABŞ konqresmenləri Qarabağ səmasında “süzür”. Maraqlıdır, həmsədr ölkə nə demək istəyir?! İşğal zonasına müntəzəm uçuşların təminatı üçünmü çalışır? İndi görək ABŞ dövləti konqresmenlərin səfərlərini nə ilə əsaslandırmağa çalışacaq. Gözləyək. Amma təbii ki, təkcə gözləməməli, həm də hücum diplomatiyası, vətəndaş cəmiyyəti öz sözünü deməlidir...
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR