“Onun qeyrəti çatırsa, elə Qarabağdakı dədə-baba evlərimizin uçuq divarlarını qaytarsın!..”

15-03-2020, 19:35 384 dəfə baxılıb

“Onun qeyrəti çatırsa, elə Qarabağdakı  dədə-baba evlərimizin uçuq divarlarını qaytarsın!..”

Cəmiyyətdə, xüsusən sosial şəbəkələrdə adını çəkməyə vaxtım olmadığı birinin “dövlət qaçqınlara dədə-baba evlərindən daha yaxşı evlər verib” fikri böyük ikrah hissi ilə müzakirə olunaraq qınanmaqdadır...

Əvvəla, 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızı azad etmək iqtidarında olmayan, uğrunda meydanlarda, səngərlərdə can qoyduğumuz müstəqil(!) dövlətin həmin müddət ərzində qazmalarda, çadırlarda, vaqonlarda, yataqxanalarda, yarıuçuq binalarda, özgə qapılarında zülmlər içində ömür çürütmüş köçkün vətəndaşları, heç olmazsa, normal yaşayış şəraiti ilə təmin etmək borcudur və tutduğu vəzifədən asılı olmayaraq heç bir dövlət, hökumət adamının buna görə Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl... kimi cənnət yurdlarımızın bir kahasını, daşını, ağacını da əvəz edə bilməyəcək o mənzillərə görə silahlı deportasiya nəticəsində doğma ocaqlarını itirmiş dərdli, qəlbi sınıq insanlara minnət qoymağa nə mənəvi, nə hüquqi ixtiyarı, haqqı var...

Və əgər dövlətin Qobu, Müşfiqabad, Pirşağı, Masazırın və s. tozlu çöllərində verdiyi evlərə görə qaçqınların boynuna minnət qoyanların, onları aşağılayanların qeyrəti, gücü çatırsa, elə Qarabağdakı dədə-baba evlərimizin uçurulmuş, yanmış, qaralmış divarlarını bizlərə qaytarsın, yox, bunu edə bilmirsə, sussun və utansın...

P.S. Möhtərəm koronavirus cənabları ən yüksək vəzifəli, rütbəli şəxslərə, prezidentlərə, nazirlərə, generallara, deputatlara yoluxma və onları öldürmə faktını və ehtimalını göstərməklə bir daha sübut etdi ki, vəzifəsindən, dövlətindən asılı olmayaq insan nə qədər aciz, dünya, ev, maşın, kürsü nə dərəcədə fanidir... Ölüm gec və ya tez hər kəsi yaxalayacaq. Əbədi olan yalnız Allahdır - yalnız Ona qul olun və Allah naminə gerçəyi deməkdən çəkinməyin...

Sultan Laçın


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR