Hər gün 500 yoluxma: sərt karantin rejimi uzadılmalıdırmı? - Tibbi personal çatışmır, xəstəxanalar dolub...

1-07-2020, 09:48 122 dəfə baxılıb

14 günlük tətbiq olunan sərt karantin rejimi bu həftənin sonu başa çatmalıdır. Əgər uzadılmasa, iyulun 5-dən xüsusi karantin rejiminə keçid edəcəyik. Avqustun 1-dək isə ümumi karantin rejimidir.

Geridə qoyduğumuz bir həftənin statistikası və təhlilləri göstərir ki, karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb və gündəlik orta rəqəm 520-550 arasında müəyyənləşib. Bu, yeganə müsbət haldır.

Yəni əvvəlki təcrübəyə əsasən demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı çox böyükdür. Azərbaycanda situasiyanı nəzarətdə saxlamaq olardı, hətta karantin rejimi bütünlüklə aradan qalxar, həyat əksər məqamlar baxımından normal axarına qayıdardı. Ancaq sosial izolyasiya qaydalarına və müvafiq dövlət qurumlarının tövsiyələrinə əməl etməyənlərin sayının azalmaması nəticəsində koronavirus pandemiyası ilə bağlı durum ağırlaşdı. Sadəcə, məsələ təkcə bununla yekunlaşmır. İctimai nəqliyyatdan istifadə etməyən, maska taxmaq çağırışı edən dövlət qulluqçuları arasında yoluxanlar var. Necə olur ki, Prezident Administrasiyasının, müxtəlif nazirliklərin əməkdaşları koronavirus infeksiyasına yoluxurlar?

Deməli, sosial təcrid effektiv olduğu qədər epidemiyanın gücü də kifayət qədər qüvvətlidir və şəxsi avtomobili olanları, maska taxanları belə tuta bilir. Hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində şəhər üzrə mobilliyin və ictimai nəqliyyatdən istifadənin nisbətən aşağı düşməsi müşahidə edilir. Bu tədbirlər nəticəsində növbəti günlərdə vəziyyətin nisbətən yaxşılaşması və müsbət dinamikanın əldə olunması gözlənilir. Belə olan halda 5 iyuldan sonra sərt karantin uzadılmalıdırmı?

Tanınmış həkim Vaqif Qarayev “Yeni Müsavat”a bildirdi ki, əvvəla mətbuatda həkimlərin sözlərinə qısqanclıq var: “Deyirlər ki, niyə Adil Qeybulla, Vasif İsmayıl virusla bağlı danışır? Yaxşı, jurnalist araşdırsın və öyrənsin ki, ölkədə virusoloq var, ya yox. Axı dünyanın həkimləri nə deyirsə, Adil Qeybulla da onlardan fərqli tövsiyə vermir. Adil doktor haqlı olaraq bildirir ki, 14 günlük sərt karantin rejimi effekt verməyəcək, yoluxma artacaq. Mən də o fikirdəyəm.

Axı kafe-restoranları, alış-veriş mərkəzlərini, metronu açmaq lazım deyildi. Amma həkimin işi bunlar deyil, virusdan necə qorunmaq yollarını əhaliyə göstərməkdir. Biz həkimlər də çağırış edirik ki, kütləvi toplaşma yerlərində yoluxma artacaq, avtobuslar virus yuvasıdır. Bir nəzarət mexanizmi olmalıdır".

V.Qarayevin sözlərinə görə, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan kimi ölkələrdə də insanlar eyni düşüncədədir:

“Hamı hökumətdən narazıdır, şikayətlənirlər ki, niyə bizi evə qapadırlar, azadlığımızı əlimizdən alırlar, pul vermirlər və s. Hətta yoluxmanın ən az olduğu Gürcüstanda da xalq hökuməti tənqid edir. Onların bir baş infeksionisti var, nə fikir bildirirsə, söyürlər. Amma pandemiyanı neytrallaşdıra biliblər. Ona görə də hökuməti, səhiyyəni, həkimləri, Operativ Qərargahı istədiyiniz qədər tənqid edin, amma özünüzü də qoruyun”.

Doktor maska taxmamağa görə cərimələrin artırılmasını gecikmiş addım hesab edir: “Çoxdan olmalıydı. Kasıb Gürcüstanda cərimə 1000 dollar idi. Bizdə marketlərdə sıxlığa nəzarət edən yoxdur. Gürcüsanda marketin girişində qızdırma ölçürlər, maska tələb edirlər. Əgər yoxdursa, cərimələnir, içəri maskasız keçibsə, market sahibi cərimələnir. Yəni bu mexanizm bizdə təşkil olunmalıdır. Çünki bütün dünyanın həkimləri eyni tövsiyəni verir - sosial məsafə, maska, dezinfeksiya...Yəni başqa üsul yoxdur. Bizdə isə bu tövsiyələri verən həkimlərə hücuma keçirlər. Yaxşı, onda sənin ictimai rəyə təsirin varsa, nüfuzlu adamsansa özün əhaliyə çağırış elə”.

V.Qarayev insanları qorxutmaq niyyətində olmadığını, lakin bu gedişlə yoluxmanın artacağını istisna etmədiyini söylədi:

“Tibbi personal çatışmır, xəstəxanalar aşıb-daşır. Yeri gəlmişkən, yüngül xəstələrin evdə müalicəsi qərarını düzgün sayıram. Mən bir daha çağırış edirəm ki, Operativ Qərargahı da, hökuməti də, biz həkimləri də tənqid edin, amma özünüzü qoruyun, əməl edin”.

“Koronavirusla mübarizədə cərimələri artırmaqla nəyəsə nail ola bilməyəcəyik. Ona görə ocaqlarda - supermarketlərdə, apteklərdə və ictimai nəqliyyatda nəzarət tədbirləri gücləndirilməlidir”.

Bunu isə modern.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Komitə sədri deyib ki, Operativ Qərargah təcili alternativ yollar barədə düşünməlidir: “Qaydalara nəzarəti gücləndirməsək, cəriməni 10 qat artırsaq da, nəticəsi olmayacaq. Hər gün deyirik ”maska taxın, məsafə saxlayın!", bunlara əməl olunmursa, nəzarəti gücləndirməliyik. Hər yoluxma artdıqca, cəriməni qaldırmaqla bir nəticə əldə edə bilməyəcəyik. Operativ Qərargah alternativ yollar düşünməli və bunu ictimaiyyətə təlqin etməlidir. Yoxsa 2-3 aydır eyni şeyləri deyirik, eyni şeyləri eşidirik".

M.Quliyev qeyd edib ki, Operativ Qərargah ölkədə fəaliyyət göstərən market şəbəkələrinin rəhbərliyi ilə müzakirələr aparmalıdır: “Onların sayı elə də çox deyil. Ciddi tapşırıq verilməlidir ki, heç kəs supermarketlərə maskasız daxil olmasın. Xüsusilə də öz işçiləri maskasız xidmət göstərməsinlər. Mən öz müşahidələrimə əsasən deyirəm ki, aptek və market işçiləri ya maska taxmır, ya da maska çənənin altındaykən xidmət göstərirlər. Bunlar koronavirusun yayılma ocaqlarıdır”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR