Sabiq məmurların sərvəti büdcəyə qaytarılmalıdır: Onlar isə xaricdə mülk alırlar

3-08-2020, 19:46 319 dəfə baxılıb

Sabiq məmurların sərvəti büdcəyə qaytarılmalıdır: Onlar isə xaricdə mülk alırlar
İşdən çıxarılan məmurlar idarəetmədə hansısa kreativ ideyalarla, qabaqcıl təşəbbüslərlə deyil, sərvətləri ilə, xaricdə aldıqları mülklərlə yaddaşlarda qalır.
Buna dair kifayət qədər nümunələr mövcuddur. Son baş verənlərə nəzər salsaq, oliqarxiyanın hakimiyyətdən təmizləmə prosesinin getdiyini görə bilərik. Amma buna baxmayaraq, sabiq məmurlar hələ də milyonluq mülklər alır, vəzifədə olduqları müddətdə “yığdıqlarını” xərcləyirlər. Məsələn, sabiq Xarici İşlər naziri, iyul müharibəsi zamanı kabinetində tapılmayan Elmar Məmmədyarovun oğlanları Böyük Britaniyanın paytaxtı Londonda 4 milyonluq mülk alıb.
Bu məsələ ölkə mətbuatında ciddi rezonans doğursa da, buna onun rəhbərlik etdiyi nazirlikdən rəsmi münasibət sadəcə bir cümləlik oldu: bu, nazirin şəxsi işidir. Bugünlərdə isə sabiq vergilər naziri Fazil Məmmədovun kürəkəninin London mülk alması ilə bağlı məlumat yayılıb. Aydın məsələdir ki, sabiq nazirin kürəkəninin əlində olan pulların mənbəyi məhz Fazil Məmmədovun zamanında tutduğu postun yaratdığı imkanlar olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq “şef”i Eldar Mahmudov və digərlərlərini də bu siyahıya əlavə etmək olar. Bütün bunlar həm də ölkədə formalaşmış köhnə nomenklatur məmur imicinin bir göstəricisidir. Hakimiyyət oliqarxiyadan təmizlənməyə başlasa da, hələ həmin vəsaitləri geri alıb büdcəyə qaytara bilmir.
“Onlar xəyanət etmədikcə...”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Cebhe.info-ya açıqlamasında maraqlı məqamlara toxunub. Partiya sədri bildirib ki, bu mafiya qanunlarına uyğun prosesdir: “Azərbaycanda siyasi cinayətkarlıq törədən məmurlar mafiya əmələ gətirib.
Ona görə də məsələn, bir məmur vəzifədən gedir, amma onun övladını qoruyurlar, vəzifə verirlər. Bu da mafiyanın ümumi prinsipidir. Mafiya üzvləri xəyanət edənə qədər bir-birini qoruyurlar. Hətta ifşa olunsa belə, onu himayə edirlər. Diqqətlə fikir versəniz görərsiz ki, bəzi “vurulmuş” məmurların qohumları, qardaşları vəzifəyə gətirilir”.
“Bizim cəmiyyətdə məmur nüfuzunun heç bir əhəmiyyəti yoxdur”
S.Cəlaloğlu hakimiyyətin nüfuz məsələsinə də toxunub. Partiya sədri bildirib ki, imic məsələsi yalnız demokratik hakimiyyətlər üçün önəmlidir:
“Demokratik hakimiyyətlərdə hər şeyi imic müəyyən edir. Ona görə də ABŞ-da tez-tez prezidentin nüfuzunu yoxlayırlar. Onun nüfuzu aşağıdırsa, qaldırmaq üçün əlavə tədbirlər görürlər və s. Çünki demokratik cəmiyyətlərdə hakimiyyətin idarəetmə prinsipi nüfuz olur. Bizim kimi cəmiyyətlərdə məmurun nüfuzunun heç bir əhəmiyyəti olmur. Bu məsələ monarxiyalarda önəmli olur. Məsələn, Böyük Britaniyada kralın oğlunun ailə münasibətlərində problem olan kimi, dərhal imtiyazlardan məhrum edilir. Çünki orada nüfuz hakimiyyəti idarə etmək üçün bir nömrəli vasitədir. Demokratik cəmiyyətlərdə də ictimai rəy hesabına hakimiyyət idarə olunur. Nüfuz o deməkdir ki, xalqın iradəsini hakimiyyətdə təmsil etməkdir. Nüfuzun aşağı düşürsə, ya onu bərpa etməlisən, ya da vəzifədən getməlisən. Bizim kimi cəmiyyətlərdə isə vəzifədən getmək ənənəsi aşağı olduğundan məmurları nüfuz maraqlandırmır. Heç bir məmur öz nüfuzunu qorumağa çalışmır. Ona görə də istədikləri kimi danışırlar, yaşayırlar, mülklər alırlar”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR