Timsah göz yaşları, yaxud varlılar da ağlayır...

7-09-2020, 18:55 245 dəfə baxılıb

“Akademik toy”da qız tərəfi olmuş və karantin qaydalarına əməl etməyərək, qanunları pozaraq övladına dəbdəbəli toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev 15 sutkadan sonra azadlığa çıxdı və çıxmasıyla da əməlli-başlı rüzgar əsdirdi.

İntəhası, bu rüzgar çox dəyişik formada əsdi, gah əsəbləşdi, hər kəsə cəza vəd etdi və bu cəzanı qanunun əli ilə yox, şəxsən özünün verəcəyini “tapıb cəzalandıracam” şəklində ifadə etməklə bildirdi. İllərlə qanunverici orqanda təmsil olunan, gələcəkdə də yəqin ki, dövlətdən sabiq deputat kimi milyonlarla insanın heç xəyal belə edə bilməyəcəyi məbləğdə təqaüd alacaq bu şəxs 15 günlük inzibatı həbsdən az qala “kriminal avtoritet” kimi çıxaraq saga-sola “racon” kəsdi, müddət qoydu, o müddətdə dedikləri olmasa, cəzanı şəxsən özünün verəcəyini bəyan etdi və bütün bunları şəxsi söhbətdə də yox, media qarşısında dilə gətirməkdən çəkinmədi. Bununla da bir zamanlar bəlkə özünün də qəbulunda düyməni basmaqla iştirak etdiyi qanunlara hər kəsin gözü qarşısında bir daha tüpürdü, “biz qanundan üstünük” mesajını verdi. Unutdu ki, məhz bu davranışına- qanunları heçə saydığına görə görə 15 gün öncə həbsə göndərilmişdi.

Ardınca qız atasını olduğunu xatırladıb bütün bu baş verənlərdən peşmanlıq duymaq əvəzinə, ancaq və ancaq övladının narahatlığı üçün narahat olduğunu gizlətməyərək, “qız övladıdır axı” deyərək göz yaşı tökdü. Görəsən, heç düşünmədi ki, onun kimi neçə qız atası var? Amma o atalar qızlarına karantində dəbdəbəli toy edib cəzalandırıldıqları üçün ağlamır, nişanlı qızları cehiz, ev-eşik dərdindən, indi də həm də aylarla davam edən karantindən dolayı toya həsrət qalıb. Biz hələ onu demirik ki, övladına bir tikə çörək tapmaq üçün günlərlə ən ağır işlərdə işləyən atalar var. İndi bu atalar toy üçün yox, çörək üçün, keçmiş deputat isə qızının dəbdəbəli toyuna qanunlar qarışdığı üçün göz yaşı tökür. Hansı daha səmimidir?

Çıxışında iqtidara “əlcək atmağı” da unutmadı, akademik toy”un kadrlarının cəmiyyətə bütöv yox, yarımçıq təqdim edildiyini və onlar barədə mənfi rəy yaratmağa xidmət etdiyini dedi. Anlamaq o qədərmi çətindir ki, hiddət toydakı yeməklər, rəqslər, brend geyimlər, tostların məzmununa görə deyil. Hiddət hər kəsin qanunlara riayət etməyə borclu olduğu ölkədə bir qrupun özünü başqalarından daha üstün tutaraq dəbdəbəli mərasim keçirməsidir. Nə fərqi var, o mərasimdə iqtidara sadiqlik tostlarda biruzə verilib, ya yox. Nə fərqi var, o toyda milli musiqiyə oynayıblar, yoxsa başqa çalğılara. Nə fərqi var, orda tost yarımçıq paylaşılıb, ya bütöv. Müzakirə mövzusu bunlar deyil, insanlardakı hiddətin səbəbi bunlar deyil, cəza da bunlara görə verilməyib. Cəmiyyətin hiddəti və dövlətin cəzası qanunların pozulmasına görədir.

Əminəm də, keçmiş deputat bunları bilməmiş deyil, bilməmiş olsaydı belə, özü demişkən 15 gün həbsdə dərindən düşünüb və götür-qoy edib. Amma bu qədər düşüncələrdən sonra içəridən çıxdığı ilk dəqiqədə media qarşısına çıxıb “racon kəsirsə”, deməli, düşünmək üçün zamanı yetərli olmayıb… //cebhe.info//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR