“Artıq atəşkəs söhbəti ortadan qalxmış sayıla bilər, total müharibə gedir”

11-10-2020, 11:58 356 dəfə baxılıb

“Ermənistanın Moskva razılaşmasını pozması bir daha onu göstərdi ki, bu ölkə heç bir razılaşmaya əməl edən və sülh yolu ilə torpaqlarımızdan çıxan deyil”.

Bu sözləri Musavat.com-a Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi hadisəsini şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, nə qədər ki, masada Türkiyə əyləşməyib danışıqlarda iştirak etmək lazım deyil:

“Moskvada danışıqlar gedə-gedə Ermənistanın xarici işlər nazirinin təyyarəsində İrəvana hərbi yüklər daşınırdı. Belə vəziyyətdə danışıqlar ola bilməz və olsa da heç bir müsbət nəticəyə gəlinməsi mümkün deyil. Oktyabrın 10-da baş verənlər və ayın 11-nə keçən gecə Gəncə şəhərinə raket atılması bunu bir daha sübuta yetirmiş oldu. Moskvada qəbul edilən həmin razılaşmanın kağız parçasından başqa heç nə olmayacağını mən ilk andan demişdim. Ermənistan bunun məhz belə olduğunu atəşi dayandırmamaqla nümayiş etdirdi. Artıq faktiki olaraq həmin razılaşma təsir gücündə deyil. Bundan sonra bu cür danışıqlarda iştirak etməyin mənası yoxdur.



Gəncəyə bu raket zərbəsindən sonra biz yenə də atəşkəsi davam etdirsək bu, bizim təhlükəsizlik maraqlarımıza zidd olar. Məncə, artıq atəşkəs söhbəti ortadan qalxmış sayıla bilər.  Total müharibə gedir. Bizim şərtimizi məgər yerinə yetiriblər ki, biz müharibəni dayandıraq?! Müharibə bitməyincə bu cür razılaşmalar işləməyəcək”.

Ekspert bəyan etdi ki, Türkiyə ilə hərbi ittifaq müqaviləsi imzalanmalı və Türk hərbi bazaları Azərbaycanda yerləşdirilməlidir: “Şəxsən mən illərdir bunu deyirəm və yazıram. Əsaslandırırdım ki, Dağlıq Qarabağda nə vaxtsa müharibə başlasa, Azərbaycanın qalan hissəsi Türkiyənin təminatı altında olsun. Necə ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminantçısıdır. Türkiyənin məsələn, Gəncədə hərbi bazası olsaydı, düşmən ölkə ikinci böyük şəhərimizə raket atmazdı, atsaydı artıq qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görərdi. İndi də gec deyil. Türkiyə ilə bu məsələnin həlli vacibdir”.

Etibar Seyidağa,


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR