“Bakının müharibəni qazanması Moskvanın maraqlarına zidd deyil” - TƏHLİL

27-10-2020, 17:12 45 dəfə baxılıb

Rusiya Prezidenti Vladimir Putinin “Valday” forumunda Qarabağ müharibəsi, Azərbaycan və Türkiyə ilə münasibətlər barədə açıqlamaları, ümumi mənada razılıqla qarşılansa da, bir sıra suallar da yaratdı. AYNA mövzu ətrafında Moskvada yaşayan azərbaycanlı jurnalist, politoloq Anar Həsənovla həmsöhbət olub.

- Anar bəy, Rusiya Prezidenti Vladimir Putinin “Valday” forumundakı çıxışı, xüsusən həmin çıxışın Azərbaycanla – Qarabağla bağlı olan hissəsi sizdə hansı təəssürat yaratdı?

- Putinin bu çıxşını iki hissəyə bölmək olar: Onun tarixi faktlara istinadı və eyni zamanda da onun bügünkü duruma münasibəti. Sözsüz ki, Putinin münaqişənin səbəbləri, münaqişə ilə bağlı statları, gətirdiyi istinadlar Azərbaycan tərəfini razı sala bilməz. Çünki Sumqayıtla bağlı, guya, Dağlıq Qarabağda erməni xalqının faciələri ilə bağlı məsələlər sual doğurur. Ancaq bizim üçün önəmli olan münaqişənin dünəninə olan münasibət yox, bu gününə olan münasibətdir və münaqişənin hazırkı durumuna olan münasibəti Azərbaycan tərəfini qane edir. Bu dəqiqə Putinin keçmişə yox, hazırkı duruma münasibəti vacibdir. Çünki bu dəqiqə proseslər Rusiyanın məsələyə yanaşmasından birbaşa asılıdır. Bu baxımdan Putinin çıxışı, əlbəttə ki, Azərbaycan auditoriyasında çox yaxşı təəssürat oyadır. Bir daha qeyd edim ki, tarixi faklar masa arxasında müzakirə olunur, emosional fon yaradır. Əsas odur ki, Rusiyanın bu gün reallığa münasibəti Azərbaycan tərəfini qane edəndir. Azərbaycan tərəfinin eşitmək istədiyi o idi ki, Rusiya məsələyə müdaxilə etməyəcək. Ona görə erməni tərəfin bütün arzularını puç edən bir çıxış oldu. Bu baxımdan əgər Putinin çıxışlarını iki hissəyə bölsək, birinci hissə ilə bağlı razılaşmadığımız, heç də önəm daşımayan məqamlar var. Amma bu günə şamil edilən fikirləri ilə bağlı deyərəm ki, nikbinəm.

- Yeri gəlmişkən, Kreml rəhbərinin “Sumqayıt və Dağlıq Qarabağda ermənilərin faciələrini unutmamlıyıq” açıqlaması hansı tarixi fakta söykənir? Sumqayıt hadisələrinin bütün faktları, sübutları göstərir ki, orada baş verənlər Sovet xüsusi xidmət orqanları tərəfindən törədilib, azərbaycanlıların günahı olmayıb. Bəs Qarabağda hansı hadisə baş verib ki, orada ermənilər faciə yaşayıblar?

- Rusiyada Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı stereotiplər var, narrativlər formalaşıb. Qeyd edim ki, hər münaqişə ilə bağlı Rusiyanın narrativləri var. Putin “Qarabağda ermənilərin faciəsi deyərkən” bunu iki cür başa düşmək olar: Birincisi, rus cəmiyyətində, rus insanında 90-cı illərdən formalaşmış narrativlər ki, həmin narrativlər bu gün də aktuallığını itirməyib və yaxud da sadəcə Putin həmin narrativləri ya özünün “spiçrayter”ləri vasitəsilə, ya da özünün bildiyi, tanıdığı, qəbul etdiyi həqiqətlər var ki, onları dilə gətirir. Sumqayıt hadisələrini araşdıran Baş Prokurorluğun baş müstəntiqi Kalisniçenkanın memuarları, müsahibələri var. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfinin də çox arqumentləri var. Sumqayıt məsələsi tamamilə sübut olunsa da, Rusiya cəmiyyətində bununla bağlı da narrativlər mövcuddur. Sumqayıt hadisələrini erməni diasporu, erməni lobbiçiləri rus insanına, rus siyasi elitasına qəbul etdirə bilib ki, guya, bu hadisənin baiskarı azərbaycanlılardır. Etiraf eliyək ki, bu, 90-cı illərdə Azərbaycanın informasiya cəbhəsindəki uğursuzluğunun bir fəsadıdır.

O ki qaldı, Dağlıq Qarabağdakı “faciə” məsələsinə, mən burada iki məqam görürəm: 1991-cı ildə keçirilən “Halqa əməliyyatı” Rusiya cəmiyyətində yetərincə təbliğ olunub. İnformasiya blokadasını biz indilərdə yara bilirik. İkincisi isə Putin peşəkar bir siyasətçidir. Düşünürəm ki, bunu dilə gətirməklə bir növ Dağlıq Qarabağa Azərbaycanın sərhədləri daxilində muxtariyyət verilməli olduğuna eyham vurur. Və bu insanlar təhlükə altında ola bilər. Bir növ Rusiya o insanların təhlükəsizliyini təmin etmək üçün neçə vaxtdır, bu müharibə başlayana qədər də, müharibə dövründə də müxtəlif səviyyələrdə - jurnalistlər, Xarici İşlər naziri və nəhayət Prezident səviyyəsində Azərbaycan tərəfinə eşitdirməyə çalışır ki, Rusiyanın həmin əraziyə sülhməramlılar yeritmək məsələsi gündəmdədir. Ona görə də Dağlıq Qarabağ ermənilərinin nə zamansa faciə yaşadığını demək, “Dağlıq Qarabağ erməniləri bundan sonra da faciə yaşaya bilər” mənasındadır. Və Rusiya burada öz maraqlarını güdür.



- Putin həmin nitqində belə bir fikir də səsləndirdi ki, Azərbaycan ərazilərinin böyük bir qismi işğal altındadır və bu, çox uzun müddət davam edə bilməzdi. Bunu biz necə başa düşməliyik? Yəni, ən azından Rusiya göz yumacaqmı ki, Azərbaycan işğalda olan 20% ərazisini azad eləsin?

- Mən hesab edirəm ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiki fazasına müdaxilə etməyəcək. Çünki istər Rusiya Dövlət Dumasının deputatları səviyyəsində, istər hakimiyyət tərəfindən maliyyələşən ekspert mərkəzlərinin təmsilçiləri tərəfindən, istərsə də Rusiyanın iqtidar təmsilçiləri tərəfindən Rusiyanın Qarabağa dəstək məsələsi açıq şəkildə pislənir. Bu məsələnin tərəfdarı olanlar ekspertlər və artıq hər kəsə məlum bir-iki nəfər ermənipərəst deputatdır. Bu baxımdan Rusiyada birmənalı yanaşma yoxdur. Əksinə, mən deyərdim ki, Rusiyanın məsələyə müdaxiləsi ilə bağlı etirazlar var, nəinki buna dəstək verən tərəf. Mən bu məqamda nikbinlik bölüşürəm. Vladimir Putinin bu çıxışı o deməkdir ki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Rusiyanın maraqlarına zidd deyil. Çünki Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi və ondan sonra Ermənistanla quracağı münasibtlər ilk növbədə Rusiyanın iqtisadi, regional layihələrinə dəstək olacaq. Çünki Azərbaycan bu müharibədən qalib çıxdıqdan sonra, mən düşünürəm ki, Rusiya ilə bir çox iqtisadi bloklara, ilk növbədə Avrasiya İttifaqına qoşulacaq. Və bilirsiniz ki, Azərbaycanın bu müharibədən qalib çıxması Avroatlantik blokun bizim region, xüsusilə də Azərbaycanla bağlı planlarını alt-üst etmiş olacaq. Azərbaycan-Rusiya münasibətlərini daha da möhkəmləndirəcək. İnanmıram ki, Rusiya bu məsəldə başladığı, razılıq verdiyi siyasi xətdən dönsün. Mən ona görə Rusiyanın məsələyə müdaxiləsinə inanmıram. İlk növbədə, Rusiya bu dəqiqə Azərbaycanın haqq davasına müdaxilə etməməklə Qafqazada öz maraqlarını qoruyur. Putinin çağırışı da məhz buna işarədir. Yəni Azərbaycanın ərazi bütövlüyünün təminatı Rusiyanın maraqlarına uyğun gəlir.

- Putinin diqqətçəkən tezislərindən biri də bu oldu ki, “biz Azərbaycan və Ermənistanla eyni dərəcədə tərəfdaşlıq münasibətlərindəyik”. Lakin həmin nitqdə müttəfiqlik məsələsi dilə gətirilmədi. Burada söhbət təbii ki, Ermənistan gedir – onlar KTMT çərçivəsində müttəfiqdir. Amma Rusiya lideri bunu dilə gətirmədi. Bunu necə anladınız?

- Rusiyadakı siyasi rejim, öz tipinə görə “hibrid siyasi rejim” hesab olunur. Yəni avtoritar meyilli siyasi rejim. Bir qayda olaraq bu kimi dövlətlərdə KİV-lər, yumşaq desək, hökumətə loyaldır. Və bu kimi dövlətlərdə gündəmin subyekti hakimiyyətdir, Kremldir. Biz müharibə başladığı gündən KTMT-nin məsələyə müdaxiləsinin absurd olduğunu təsdiqləyən fikirlər eşidirik. Və bunu səsləndirən diplomatlar, siyasətçilər, ekspertlərin əksəriyyəti hakimiyyətin danışan dilləridir, hakimiyyətin maliyyələşdirdiyi ekspert mərkəzlərinin üzvləridir, vəkil ekspertlərdir. “Sink-tank” – düşünən beyinlər bu günlərdə bunun absurd olduğunu deyirsə, Putin də bu deyilənləri həmin nitqi ilə bir növ rəsmiləşdirir. Bu sarıdan, Putin KTMT amilini deyib, bu günə kimi aparılan informasiya siyasətində dönüş edə bilməzdi. Biz gözləyirdik ki, Putin bu məsələyə toxunmayacaq və toxunmadı da. Rusiya üçün bu dəqiqə maraqlı olan əraziyə - Azərbaycana maraqları daxilində sülhməramlıların yeridilməsidir. Orada ermənilərin muxtariyyət məsələsində iştirakdır. KTMT məsələsi Rusiya üçün ümumiyyətlə, absurd məsələdir, bununla bağlı ilk gündən münasibətini bildirib.

- Putinin Türkiyə ilə bağlı da çox təzadlı və maraqlı fikirləri oldu. Birincisi, dedi ki, Rusiya ilə Türkiyənin Qarabağda maraqları üst-üstə düşmür. Bu da təbiidir. Yəni, Türkiyə Azərbaycanın tərəfindədir. Putinin dediyinə görə isə, Rusiya sülh tərəfindədir. Lakin dedi ki, mənim Ərdoğanla, Rusiyanın Türkiyə ilə münasibətlərindəki bu məsələ nəinki xoşdur, hətta etibarlıdır – çünki Ərdoğan dediyini edir. Kreml başçısının bu yanaşmasını necə başa düşək?

- Vladimir Putinin çıxışında Türkiyə-Rusiya münasibətlərində təzad görmədim. Bir daha yadınıza salım ki, Rusiyada Türkiyə ilə bağlı mənfi obrazlar tarixən yaradılıb və genetik yaddaşa hopdurulub. Rusiya cəmiyyətinə birmənalı şəkildə “Türkiyə dostdur, strateji müttəfiqdir” deməyin özü sual doğrar. Rus ədəbiyyatı, kinosu, incəsənəti dünənə qədər mənfi türk obrazı yaradıb. Unutmayaq ki, 2015-ci ildəki təyyarə olayı hələ də yaddaşdadır. Ona görə Putinin Türkiyənin ünvanına birmənalı olaraq ancaq müsbət fikirlər deməməsi labüddür. Putinin çıxışı Rusiya-Türkiyə münasibətlərinin bu gününə verilən ən böyük dəyərdir. Sözsüz ki, Rusiya ilə Türkiyə prezidentləri arasında olan münasibətlər necə var, o cür də qələmə verilməlidir. Ancaq bir daha qeyd edim ki, Rusiya cəmiyyətində müharibə başlayandan təqdim edilən narrativlər Putinin çıxışında öz əksini tapmalı idi. Rusiya dövləti, Rusiya dövlət kanalları Türkiyəni dünənə qədər konfliktin qızışmasında ittiham etdiyi halda, bu gün həmin dövlətin rəhbəri əksinə fikir söyləyə bilməzdi. Ona görə də mən hesab edirəm ki, bu çıxış Rusiya-Türkiyə münasibətlərinin ruhuna uyğun çıxışdır. Çünki Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya verə biləcəyi suallar var və o suallar neçə illərdir cəmiyyətə aşılanıb. Rusiya-Türkiyə münasibətləri deməzdim ki, Rusiya-Azərbaycan münasibətləri qədər yaxındır. Rusiyanın Azərbaycanın ünvanına verə biləcəyi narahat suallar yoxdur. Ancaq Rusiyanın Türkiyəyə ünvanlayacağı narahat suallar çoxdur.

- Bugünlərdə Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyan öz sosial media hesabından Vladimir Putinə müraciət ünvanladı. Bu müraciətə yalvarış da demək olar. Yalvarırdı ki, “əlinizdən gələn hər şeyi edin, Qarabağda müharibəni dayandırın”. Necə düşünürsünüz, bu müraciət özfəaliyyət idi, yoxsa Moskva özü Arutunyanı danışdırırdı ki, müdaxilə üçün zəmin hazırlasın?

- Səhv etmirəmsə, 2014-cü ildə Sergey Lavrova belə bir sual verdim ki, “Moskva şəhərində Ermənistan səfirliyinin nəzdində qondarma rejimin nümayəndəliyi fəaliyyət göstərir. Rusiya bu münaqişənin arbitrıdırsa, niyə bu məsələyə münasibətini bildirmir, bu, beynəlxalq hüquq baxımından nə dərəcədə düzgündür?” Sergey Lavrovun mənə cavabı belə oldu ki, “Bu gün bir çox səfirliklərin nəzdində restoranlar və mehmanxanalar fəaliyyət göstərir. Səfirliklərin əraziləri həmin dövlətlərin əraziləri hesab olunur”. Yəni ki, biz qondarma rejimi beynəlxaq hüququn subyekti hesab etmirik. Başqa sözlə, “Azərbaycan səfirliyinin nəzdində nə istəyirsən, yarat, adını da nə sitəyirsən, qoy. Bu, o demək deyil ki, biz onları tərəf sayırıq”. Arutunyanın məktubuna Rusiya tərəfindən drijor yanaşmasını görmürəm. Düşünürəm ki, Arutunyanın məktubu suda boğulanın saman çöpündən yapışmasıdır.



- Arutunyan öz müraciətində “Artsax və Rusiya əlaqələrindən” bəhs edir. Guya, Artsax ayrıca bir “respublika”dır və Rusiya ilə əklaqələri olan müstəqil subyektdir. Bu, Rusiya cəmiyyətində, ictimai-siyasi dairələrində ciddi qəbul olunurmur?

- Araik Arutunyan Rusiya üçün nə Abxaziyanın keçmiş rəhbəri Şamabadır, nə də Cənubi Osetiyanın rəhbəri Kokoyti. Qondarma “Dağlıq Qarabağ Respublikası”na Rusiyada münasibət bu adını çəkdiyim subyektlərə olan münasibət deyil. İlk gündən belə olmayıb. Yəni dağlıq Qarabağla MDB-dəki digər münaqişə ocaqlarına münasibət Rusiya tərəfindən birmənalı olmayıb. Bunun da səbəbləri var. Yəni, qondarma rejimin başçısının fikirləri Rusiya üçün heç bir əhəmiyyət kəsb eləmir. Və onun göndərdiyi məktub heç Rusiyada gündəm də olmadı, müzakirə də edilmədi. Çünki o, tərəf müqabili deyil. Ermənistanın rəsmi rəhbərliyinin müraciətləri, xahişləri belə, Rusiya tərəfindən iqnor edilir. O sarıdan bu kimi məktublara Rusiya tərəfindən birmənalı olaraq münasibət bildirilmir. Rusiyanın hazırda bölgəyə sülhməramlı yeritmək planları ancaq Azərbaycanın maraqları daxilində mümkündür. Bir daha qeyd edim ki, Rusiyanın bu müharibədən qazanacağı odur ki, Azərbaycanda öz mövqelərini daha da möhkəmlətsin və İlham Əliyev hakimiyyətini da möhkəmlətsin. Ona görə də düşünürəm ki, bu siyasətə Rusiyada sadiqlik var. Həmçinin, müharibədən sonra Türkiyənin də Azərbaycanda mövqeləri möhkəmlənəcək. Qeyd etməliyəm ki, bu gün də Azərbaycan cəmiyyətində Türkiyənin mövqeyi gücüldür, dünənə qədər də belə olub. Bu, artıq neçə ildir ki, belədir. Ancaq bu, o demək deyil ki, Azərbaycan siyasi hakimiyyəti Türkiyənin Azərbaycanda mövcudluğunu tamamilə Rusiyanın maraqlarına uyğun olmayan şəkildə təmin edəcək. Məncə, regionda siyasi güclərin balansı dəyişməyəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR