Həm yalvarış, həm qətliam: - Ermənistanın məqsədi nədir?

29-10-2020, 12:17 62 dəfə baxılıb

Ermənistan artıq üçüncü dəfədir ki, razılaşdırılmış humanitar atəşkəsi kobud şəkildə pozur.

Məsələ burasındadır ki, Ermənistan bunu yalnız döyüş sahəsində etmir, o dünyanın gözü önündə Azərbaycanın mülki əhali yaşayan şəhərlərini hədəf seçərək, dinc vətəndaşları, azyaşlı uşaqları qətlə yetirir. Yəni atəşkəsi kimin pozduğu dünyanın gözü önündə açıq və aydın şəkildə baş verir.

Ermənistan humanitar atəşkəs yalvarışları edib, özünü dünyaya humanist kimi təqdim etməyə çalışsa da törətdiyi qətliamlar bunun əksini sübut edir. Xüsusən Ermənistanın Baş naziri Nikol Paşinyanın “Ermənistan xalqı sülh yolu ilə torpaqları verməz” deməsi bir daha İrəvan hakimiyyətinin problemi sülh yolu ilə həll etməkdə maraqlı olmadığını göstərdi.

Bəs Ermənistan humanitar atəşkəsi özü istəyib sonra da bir neçə dəqiqənin içində niyə pozur?

Politoloq Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında humanitar atəşkəsin beynəlxalq hüquqda necə əks olunmasından danışıb. Politoloq həmçinin işğalçı ölkənin atəşkəsi pozmasının səbəblərinə aydınlıq gətirib:

“Artıq üçüncü dəfədir ki, humanitar atəşkəs elan olunur. Hər üçündə də Ermənistan humanitar atəşkəsi pozur. Ermənilər bu atəşkəsi döyüş zonasında pozmaqla qalmırlar, eyni zamanda Azərbaycanın sivil əhalisinə kasetli bombalar atmaqla pozurlar. İlk iki humanitar atəşkəsin pozulması Ermənistan tərəfinin Gəncə şəhərini bombalaması ilə olmuşdu. Bu dəfə isə Bərdə şəhəri raket atəşinə tutuldu. Bu dəfə də yenə azyaşlı uşaqlar, qocalar, xəstə insanlar şəhid olub. Bu onu göstərir ki, Ermənistanla atəşkəs rejimi ilə bağlı danışıqlar mənasızdır. Digər tərəfdən danışıqların heç birində humanitar atəşkəsin hansı müddətə qədər davam edəcəyi qeyd edilmir. Sadəcə başlama və pozulma saatları qeyd olunur. Humanitar atəşkəsin özü müharibənin hər iki tərəfin razılığı əsasında müəyyən müddətdə dayandırılması və döyüş meydanında qalan cəsədlərin, əsirlərin dəyişdirilməsi üçündür. Bunun da ən çox istifadə olunan müddəti 48 və 72 saatdır. Yəni konkret zamanı yoxdur və zamanın müəyyən edilməsi döyüş sahəsindəki vəziyyətdən və tərəflərin razılığından asılıdır. Ermənistan isə razılaşdırılan hər 3 humanitar atəşkəsdə nə meyitlərini götürmək, nə də mülki əhalisinə və əsirlərinə sahib çıxmaq istəmir”.

Politoloq Ermənistanın humanitar atəşkəsi pozmasını düşünülmüş addım kimi dəyərləndirir:

“Ermənistan artıq heç bir danışığa getməyəcəyini bəyan edib. Bir neçə gün qabaq Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdi ki, məsələnin diplomatik yolla həlli mümkünsüzdür. Amma humanitar atəşkəsi Ermənistan özü istəmişdi. Ermənistan humanitar atəşkəsdən silah və ərzaq yardımı almaq üçün vaxt qazanmaq məqsədi ilə istifadə edirlər. Amma bir neçə dəqiqədən sonra da pozurlar. Sonuncu humanitar atəşkəs elan olunandan 4 dəqiqə sonra ermənilər onu pozdu. Hesab edirəm ki, Ermənistan bunu məqsədli edir. Çünki Ermənistanın heç nəyi yoxdur və o, hərbi yardımı, ərzaq və yanacaq yardımlarını xaricdən alır. Ona bir yolla İrandan yardım gəlir. Digər yolla isə təyyarələrlə Rusiyadan, Fransadan, Yunanıstandan, Suriyadan yardım gətirirlər. Azərbaycan işğal altında olan torpaqlarımızı azad etdikdən sonra Zəngilan, Cəbrayıl, Füzuli istiqamətində sərhədlərimiz Dövlət Sərhəd Xidməti tərəfindən qorunur. Lakin Azərbaycan hazırda Ermənistan ərazisində olan Meğri rayonuna nəzarət edə bilmir. Bu ərazini Rusiya sərhədçiləri qoruyur. Ona görə də o ərazi Azərbaycan tərəfindən nəzarətsizdir. Ona görə də İranla Rusiya oradan bildiyini edir, Ermənistana hər cür yardım göstərir. Ermənistanı da ayaqda tutan budur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR