Paşinyan getdi, Pişikyan gəldi. Hə, sonra?
“Məğlubiyyətin nə olduğunu siz nə bilirsiniz?! Bu, döyüş görməyənlərin anlaya bilməyəcəyi başqa bir dəhşətdir, mənim rəzil istefam bunun yanında heç nədir!” – 150 min fransız əsgərini I Dünya müharibəsində öz şöhrətpərəstliyinə, səriştəsizliyinə və hikkəsinə qurban vermiş general Nivellenin bu sözləri bu gün Ermənistandakı vəziyyəti bir çox aspektlərdən dəqiq əks etdirir.
Həmin aspektlərin ən üzdə və öndə olanı isə budur: ermənilər hazırda iki yerə bölünüb – döyüşüb uduzanlar fransız generalı kimi sınıb, məyus-məyus danışır, döyüşə getməkdən qorxanlar (İrəvanda əks düşərgə onları fərari sayır) isə şirə-pələngə dönüb, məğlubları xəyanətdə suçlayıb istefaya çağırır.
Ermənistanda bu gün əsas tələb budur: “Torpaqları satan xain Paşinyan istefa versin!” Bu tələb bütün müxalifət partiyaları tərəfindən səsləndirilir və öz ətrafına hər ötən saat yeni tərəfdarlar toplayır. Müxalifət bu tələbini urapatriotizm şüarlarına büküb. Təbii ki, belə sərfəlidir.
Səbəbini anlamaq çətin deyil, səbəb çox banaldır: müxalifət indiki iqtidarın düşdüyü bu vəziyyətdən dərhal faydalanıb hakimiyyətə gəlmək istəyir. Zatən Qarabağ məsələsi və patriotik hisslər (şousu) Ermənistanda son 30 ildə həmişə siyasi alver predmeti olub. Onlarla manipulyasiya edərək hakimiyyətə gəliblər və gediblər. İndi də eyni mənzərə, eyni ssenaridir. Lakin bir fərqlə - indi vəziyyət o vəziyyət deyil, indi Ermənistan o Ermənistan deyil, indi ermənilər üçün Qarabağ yoxdur! Qarabağ yoxdursa, son 30 ildə üstündə siyasətin qurulduğu məntiq də yoxdur. Ona görə də istefa tələbləri hazırkı vəziyyətdə bir o qədər məntiqli görünmür. Niyə?
Tutaq ki, Paşinyan girdiyi siçan deşiyindən çıxdı və çıxıb getdi. O gedən kimi də müvəqqəti hökumət, qəttəzə hakimiyyət, nə bilim, milli xilas komitəsi fason bir şey yaradıldı. Sonra da hakimiyyətə Simonyandan-Siçanyandan biri gəldi. Lap elə Pişikyan gəldi. Hə, nolsun? Yoxsa Paşinyanın əvəzləyənlər altında Rusiya kimi supergücün liderinin imzası olan bir sənədi cırıb atacaqlar? Buna cürətləri çatacaq? Bəlkə itmiş ağıllarınca, Paşinyan gedib bunlar gələn kimi Rusiya qorxusundan öz sülhməramlılarını o dəqiqə təyyarələrə doldurub geri qaçacaq? Yoxsa Türkiyə boyda divə buynuz atmağa hünərləri çatacaq?
Belə bir ssenariyə ümid etmək üçün nə qədər küt və axmaq olmalısan.
Fantastik görünsə də lap belə hesab eləyək ki, Paşinyan getdi, yerinə Qarabağsız yaşaya bilməyəcəklərini, onu mütləq geri alacaqlarını deyənlər gəldi, Rusiya da fikrini dəyişdi, sülhməramlılarını da götürüb bölgədən getdi. Siyasətdir də, nəzəri baxımdan hər şey ola bilər. Bəs bu fantastik ssenari gerçəyə dönsə, nə olacaq? Ermənistan öz yeni hakimiyyəti ilə Azərbaycanla yenə üzbəüz, baş-başa qalacaq. Qala biləcəkmi? O yaralı başını o sınıq-salxaq ordusu (daha doğrusu, ordu qırığı) ilə, şil-küt, axsaq-topal generalları ilə, ohanyanları, tonoyanları ilə salamat saxlaya biləcəkmi? Yoxsa Azərbaycan kimi hər parametrdən onqat üstün olan bir dövlətin sözünün qabağına söz deyə biləcəklər? Deyəcəklər – yenə dronlanıb tapdalanacaqlar. Bunu istəyirlərmi? Yoxsa daha ayrı planları var? Məsələn, bir-iki həftəyə super ordu yaradacaqlar? Yeni müasir silahlar əldə edəcəklər? Döyüş meydanından qaçan fərari və əzilmiş xalqa cəsarət peyvəndi vuracaqlar?
Yox, bunların heç biri olmayacaq. Olması mümkün də deyil. Yaxşı, bəs onda nəyə, kimə arxayındırlar? Bəlkə Fransaya? Yunanıstana? Uqandaya? Yox, bunlar da deyil. “İstefa” tələbləri daxili istifadə üçündür. Məqsəd isə çox sadə və köhnədir – Qarabağ kartı (Qarabağ isə yoxdur!) ilə bir əl də oynayıb hakimiyyətə gəlmək.
Burada tək bir yenilik var: Ermənistanda qabaqlar AzərbaycanA hədə-qorxu gələ-gələ hakimiyyətə gəlirdilər, indi isə AzərbaycanlA hədə-qorxu gələ-gələ gəlmək istəyirlər. Bu qədər sadə. Bu isə öz işləridir.
Sarsıdıcı zərbənin şoku erməniləri doğrudan da əldən salıb. Heç bir addımlarında rasional düşüncə, sağlam təfəkkür, elementar məntiq yoxdur.
Ortada yalnız xəstə millətçilik, idbar şovinizm ruhlu siyasi şüarlarından, revanşizmdən qidalanan emosiyalar var. Onlar özlərinin-özlərinə illərdir danışdığı yalanların, bir əsrlik xəstə illüziyalarının girovudur. Hamısı bu 44 gündə bir-birinə yalan danışdı. Bu yalanlar sayəsində onların təsəvvüründə başqa Ermənistan vardı – güclü, hər döyüşdə qalib gələn, əlindəki torpaqları şücaətlə müdafiə edən, igid, yenilməz, əzəmətli Ermənistan... Gerçək Ermənistanla noyabrın 9-da qarşılaşdılar. Gözlərini açıb gördülər ki, qarşılarında beli sınmış, baş-gözü əzilmiş, miskin duruma düşmüş sınıq-salxaq, ac-yalavac bir ölkə dayanıb. Belə görünür ki, onlar bunu qəbul edə bilmir. Yoxsa Azərbaycan torpaqlarından bir gün rədd olacaqlarını özləri də bilirdilər. Ermənistanı dərin depressiyaya salan əldən getmiş torpaqlar deyil, miflərin sabun köpüyü kimi partlayıb dağılmasıdır. Bu xəstə qövm bunu qəbul edə bilmir.
Bir sözlə, Paşinyan getsə (o isə bacardıqca dirənib getməməyə çalışacaq, çünki gedişi vətən xaini kimi ömürlük həbs, bu isə siyasi intihar deməkdir) də, getməsə də Ermənistan indiki Ermənistan olaraq qalacaq. Getsə, hələ daha pis olacaq. Çünki bataqlığa düşən adam oradan çıxmaq üçün hər yeni cəhdində daha çox batır. Yeni iqtidar isə yeni cəhdlər demək olacaq. Paşinyan ölkəsini elə bir dərin quyuya salıb ki, oradan çıxmaqları xeyli çəkəcək. Hələ uzun illər...
Famil Cəfərli