“Hökumətin vicdanını sorğulamağınız üçün...” - İlqar Məmmədov hakimiyyəti müdafiə etdi

18-11-2020, 15:28 124 dəfə baxılıb

"Bizim bəzi arqumentləri indiki həssas danışıqlarda hökumətin mövqeyini zəiflətmək üçün fürsət kimi görənlər yanılırlar. Müharibə və onun nəticələrinə rəsmiyyət qazandırılması işində hökumətin vicdanını sorğulamağınız üçün heç bir əsasınız yoxdur. Ötən həftə yazdığım kimi: Bakının 1 dekabra qədər torpaqları geri almaqdan ötrü atdığı bütün addımlarını, o cümlədən hətta nisbi susqunluğunu tam anlayırıq. Kimsə bu ciddi müzakirədə ortalığa atılıb özünü yüngül aparacaqsa öz işidir".

Yenisabah.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

O qeyd edib ki, ictimaiyyətin qaldırdığı suallar əksər hallarda statik hüquqi vəziyyətə baxışdan doğur:

"Siyasətçilər - əksinə - hər şeyə siyasi dinamika bucağından baxmağı peşə adətinə çevirib. Hər iki yanaşmada ifrata varmaq mümkündür. Siyasi sinif (iqtidar, müxalifət və ictimai şəxslər) bunu nəzərə alaraq öz fəaliyyətinə ayrıca qiymət verməlidir. Müharibəni durduran Bəyanatı oxumuş ictimai fəalın sualları bu tipdə olur: “Xankəndidə Azərbaycan bayrağı asılacaqmı?”, “Xocalıya sərbəst gedib-gələ biləcəyikmi?” Digər tərəfdən, həm ölkədə, həm də xaricdə ən ciddi siyasət adamları Azərbaycanın müharibədə uğur qazanması, yeni hərəkətlilik təməlinin qoyması qənaətindədir. Statik hüquqi baxış bucağı da vacibdir. O, önəmli anı görüb tarixdə həkk etməyə imkan verir, amma hərəkətli prosesi görmür deyə, hökumətə qarşı tənqiddə ondan sui-istifadə imkanı yaranır. Eynən, xəyalpərəstliyi siyasi dinamika kimi təqdim edəndə hökumət özünü ədalətsiz aparır".

İ.Məmmədov yazıb ki, müharibənin ilk günündən Prezident İlham Əliyevin böyük tarixi məsuliyyət altına girdiyini yüksək qiymətləndirərək REAL ona hərtərəfli dəstəyini ifadə edib:

"Hazırda hesab edirik ki, atəşi dayandıran, müsbət və mənfi cəhətlər toplusu olan üçtərəfli bəyanatın icrası ilə Azərbaycanın marağına xidmət edən yeni siyasi-hüquqi keyfiyyət yaratmaq mümkündür, hərəkət tempi və qətiyyət zəifləməsə. Öncə yazdığım kimi, qarşı tərəf bəyanatın icrasından boyun qaçırmaq üçün bəhanə ovundadır. Ona heç bir fürsət verilməməlidir. Odur ki, Bakının hazırda 1 dekabrı gözləyərək əsasən susmasını tam anlayırıq. Eyni zamanda, indiki diplomatik çəkişmədə Azərbaycan hökumətini daha güclü edəcək arqumentləri ortaya qoymaqdan çəkinmək də düzgün olmaz. Odur ki, bəzi məsələlərə toxunmalıyıq. Amma strateji nöqtə 1 dekabrdır. 20 noyabr, 25 noyabr və nəhayət 1 dekabrdan sonra kimin Azərbaycanla həqiqətən əməkdaşlıq etdiyi, kimin isə vaxt qazanıb bizə badalaq gəlmək niyyətində olduğu daha aydın görünməlidir".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR