“Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirə bilər”

17-03-2021, 16:19 151 dəfə baxılıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimlərə başlanılıb. Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarə olunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib. Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Azərbaycan Ordusunun belə genişmiqyaslı təlimləri düşmən Ermənistanda təlaşa səbəb olub. Ermənilər iddia edirlər ki, Azərbaycan yenidən əsaslı hərbi əməliyyatlara başlamağı nəzərdən keçirir, İkinci Qarabağ müharibəsinin dayandırılmasını nəzərdə tutan 10 noyabr Üçtərəfli Bəyanatı pozmağa hazırlaşır.

Bəzi xarici ölkələrin siyasiləri də Azərbaycanın belə genişmiqyaslı hərbi təlimlərə başlamasının təlaş yaratdığını bildirirlər. Bildirilir ki, Qarabağda atəşkəs hələlik kövrəkdir. Bu baxımdan, hərbi təlimlər sülh prosesinə zərər verə bilər. Azərbaycan tərəfi təlaşa heç bir əsas olmadığını, ordunun təlimlərinin plana uyğun həyata keçirildiyini bildirir. Amma yenə də bölgə ilə bağlı narahatlıq ifadələri sezilməkdədir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev deyib ki, Azərbaycan Ordusu həm havada, həm quruda, həm də dağlıq ərazidə döyüş tapşırığını mükəmməl həyata keçirən bir ordudur:

- 44 günlük Vətən müharibəsində bizim ordu bu bacarığını bir daha göstərdi, işğalda olan ərazilərimizi azad etdi. Son hərbi təlimlərə bütün qoşun növlərinin cəlb edilməsi, 10 minlik şəxsi heyətlə keçirilən təlimlərdə həyata keçirilən taktikalardan biri antiterror əməliyyatlarının keçirilməsini daha da təkmilləşdirməkdir. Düşünürəm ki, erməniləri qorxudan əsas məsələ antiterror əməliyyatlarının keçirilməsi üçün hazırlıqların daha da yüksəldilməsidir. Ermənilər çalışırdılar ki, nəyin bahasına olur-olsun, Azərbaycan ərazisində terror anklavı yaratsınlar və bundan mütəmadi olaraq "partizanlıq” üçün istifadə etsinlər. Lakin 2020-ci ilin noyabrın 10-dan sonra 62 erməni hərbçisi Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs edildikdən sonra bunlar başa düşdülər ki, Azərbaycan öz ərazisində hər hansı terror anklavının yaradılmasına imkan verməyəcək. Hesab edirəm ki, ermənilərin təlaşı bundan ibarətdir.

Qaldı ki, dünyanı narahat edən məsələ varsa, onlar Ermənistana sual versinlər: Məğlub ordu olduqları, Baş Qərargahlarında hazırda ciddi qarşıdurmalar yaşandığı halda niyə onlar da hərbi təlim keçirirlər? Yəni, Azərbaycanın təlimindən narahat olan xarici qüvvələr suallarını əvvəlcə Ermənistana ünvanlasınlar. Azərbaycan Ordusu mütəmadi olaraq öz hərbi kadr potensialını, silahlarını, döyüş hazırlığını yoxlamaq üçün mütəmadi olaraq taktiki təlimlər həyata keçirib. Bu, proqram əsasında, əvvəlcədən müəyyənləşdirilmiş plana əsasən həyata keçirilib, bundan sonra da olacaq.

- Bu təlimlərdə Türkiyə Ordusunun modelinə keçid hazırlığının aparıldığı barədə də söyləntilər var. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi mümkündürmü?

- Azərbaycan Ordusu Türkiyə ordu sisteminə keçid edirsə, bu, təkcə təlimlər vasitəsi ilə olmur. Bunun üçün kadr potensialına baxılır, müəyyən struktur dəyişiklikləri aparılmalıdır. Bu barədə indidən nəsə demək düzgün olmazdı. Yenə də deyirəm, erməniləri qorxudan məsələ antiterror əməliyyatı baxımından hərbçilərimizin hazırlığının yüksəldilməsidir. Birinci dəfə deyil ki, Azərbaycan hərbi təlim keçirir. 44 günlük müharibədə təbii ki, ordumuz nəyi necə etmək lazım olduğunu göstərdi. Əlbəttə, ordumuzda olan müəyyən zəif bəndləri də təkmilləşdirmək üçün addımlar atılır. Narahat olan xarici dairələr də qorxmasınlar. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, hər bir dövlətlə qarşılıqlı münasibətlərimiz, əlaqələrimiz var. Ordumuz da ikitərəfli, üçtərəfli müqavilələr əsasında təlimlər keçirə bilər.

- Təlimlərdə antiterror əməliyyatlarının keçirilməsi taktikası təkmilləşdirilir. Yəni, ərazilərimizdə hər an antiterror əməliyyatları gerçəkləşdirilə bilər?

- Əlbəttə, bu, bizim haqqımızdır. İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr Üçtərəfli Bəyanat var. Həmin sənəddə göstərilən müddəalar yerinə yetirilməlidir. Bundan başqa, xüsusi xidmət orqanları, xüsusi təyinatlılar və ordunun birlikdə antiterror tədbirləri həmişə keçirilib, bundan sonra da keçiriləcək.

- Mümkün antiterror əməliyyatı Qarabağdakı Rusiya sülhməramlıları ilə qarşıdurmaya səbəb ola bilərmi? Yaxud sülhməramlıların bu əməliyyatlarla bağlı təxribat törətmə ehtimalı varmı?

- Ordumuz 10 noyabr Bəyanatından sonra bir dəfə antiterror əməliyyatı keçirib və uğurlu da əməliyyat olub. Sülhməramlılar da bu əməliyyata hansısa maneə yaratmayıblar. Çünki sülhməramlıların funksiyası kimisə müdafiə etmək yox, münaqişənin alovlanmasının qarşısını almaq üçün bir növ vasitəçi olmaqdır. Onların əlində iki sənəd var: 10 noyabr Üçtərəfli Bəyanatı və beynəlxalq sülhməramlıların funksiyasının nədən ibarət olduğunu əks etdirən nizamnamə. Sülhməramlılar buna uyğun fəaliyyət göstərirlər, göstərməlidirlər. Təbii ki, hansısa əməliyyat keçirilirsə, sülhməramlılarla və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bunun müzakirəsi aparıla bilər. Lakin kiminsə Azərbaycana ərazisində antiterror əməliyyatı keçirməsinə mane ola biləcəyi inandırıcı görünmür.

- Ermənistan cəmiyyətində belə fikirlər səsləndirilir ki, Azərbaycanın növbəti hədəfi Zəngəzuru qaytarmaqdır və hərbi təlimlərin keçirilməsi də buna hazırlıqdır...

- Düşünürəm ki, bu, xüsusi şəkildə ortaya atılmış məsələdir. Çünki faktiki olaraq bu gün Zəngəzur Ermənistan ərazisidir. Tarixi baxımdan, bəli, Zəngəzur da, İrəvan da Azərbaycanın tarixi ərazisidir. Amma fakt budur ki, Zəngəzur Ermənistan dövlətinin ərazisinə daxildir. Bu gün əlimizdə olan sənədə əsasən, yəni 10 noyabr Üçtərəfli Bəyanatın bir bəndinə uyğun olaraq, Zəngəzur ərazisindən Naxçıvana dəhlizin açılması müzakirə edilir. Axı, Azərbaycanın tarixi ərazisi olan Zəngəzuru hərbi yolla azad etməsi məsələsi bu gün gündəmdə deyil. Sadəcə olaraq, erməni cəmiyyəti, müəyyən hakim dairələr bu məsələni gündəmə gətirməyə çalışmaqla dünyaya nələrsə demək istəyirlər. Guya, Azərbaycan Ermənistan ərazisinə təcavüz etmək istəyir və s. Ermənistanın xarici və daxili siyasətində əsas istiqamət terror və işğalçılıqdır. Eyni zamanda, qızışdırıcı mövqe tutaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasını tez-tez qabardaraq, bu şayiələri mediada yayırlar. Hesab edirəm ki, belə məlumatların yayılmasında Ermənistan xüsusi xidmət orqanlarının dəsti-xətti görünür. Belə məlumatlarla özlərini işğala məruz qalan kimi göstərmək istəyirlər ki, bunun heç bir əsası yoxdur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR