Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin önəmli komponentinə çevrilib - TƏHLİL

7-05-2021, 10:58 57 dəfə baxılıb

ABŞ-ın "Politico” dərgisi ABŞ və Rusiya prezidentlərinin ikitərəfli görüşünün keçirilə biləcəyi şəhərlərin adlarını çəkib.

Belə ki, Co Bayden-Vladimir Putin görüşünün Helsinki, Vyana, Lyublyana, Reykyavik, Sürix, Praqa yaxud Bakıda keçirilməsi müzakirə olunur. Görüş üçün ehtimal göstərilən şəhərlər arasında Bakının adının olması təəccüblü deyil.

Modern.az xatırladır ki, bundan əvvəl də, Azərbaycan paytaxtı beynəlxalq gərginliyin azaldılmasına xidmət edən görüşlər üçün platforma rolunu oynayıb. Belə ki, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqində hərbi əməliyyatlarda tərəf olması onun Qərblə münasibətlərinə ciddi zərbə vurmuşdu. Şimali Atlantika Alyansı (NATO) həmin il Moskva ilə əlaqələri birtərəfli qaydada dondurmuşdu. Dünyanın ən böyük hərbi alyansı ilə Rusiya arasında hərbi əlaqələrin dondurulması dünya üçün əlavə risklər yaradır, beynəlxalq təhlükəsizlik sistemi üçün hədəyə çevrilirdi. NATO ilə Moskva arasında "buzların əriməsin”də Bakının rolunu qeyd etmək olar. 2017-ci il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ABŞ Ordusunun Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla məhz Bakıda görüşmüşdü.

Həmin görüş hərbi fəaliyyət təhlükəsizliyinin təmin olunması, həmçinin, insidentlərin yaranma riskini önləmək üçün təşkil edilmişdi. Suriyada Rusiya və ABŞ hərbi kontingentlərinin eyni vaxtda hərbi kampaniya apardığı vaxta təsadüf edən görüş Moskva ilə Vaşinqton arasında hərbi stabilliyi qorumaq baxımından önəmli idi. Paralel olaraq, NATO-nun əsas üzvü sayılan ABŞ alyans adından Rusiya ilə hərbi kanal vasitəsilə əlaqəni bərpa etdi. 2019-cu il noyabrın 26-da Valeri Gerasimov yenidən Bakıya gələrək NATO-nun Hərbi Komitəsinin sədri, aviasiya marşalı Stüart Piçlə görüşmüşdü. Bu dəfəki görüşdə NATO-Rusiya sərhədində insidentlərin qarşısının alınması, iki tərəfin hərbi ekspertləri arasında hərbi əməkdaşlığın bərpası müzakirə olunmuşdu.

Sonuncu görüş 2020-ci ilin fevralın 6-da Gerasimovla NATO-nun Avropadakı hərbi kontingentinin rəhbəri Tod Uolterslə görüşüb. Ümumilikdə, həmin görüşlər Vaşinqtonla Moskva, həmçinin, NATO ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında əlaqələri stabilləşdirməyə, qarşıdurma riskinin qarşısını almağa imkan verdi. Avropa Birliyinə, Qərbə inteqrasiya meylini açıq ifadə edən, Rusiya ilə diplomatik münasigətləri kəsən Gürcüstan yaxud KTMT-ya üzv, Rusiyanın Qafqazdakı forpostu sayılan Ermənistandan fərqli olaraq, balanslaşdırılmış siyasət yürüdən, istər Moskva, istərsə də ABŞ-la isti münasibətlər saxlayan Rusiya təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin oktyabrında MDB Dövlət Başçıları Şurasında çıxışı zamanı Azərbaycanın qlobal təhlükəsizlik sistemində sabitləşdirici faktorlardan biri olmasını, NATO və Rusiya hərbi rəhbərliyinin görüşü üçün məhz Bakının seçilməsini vurğulayıb. "ABŞ və Rusiya Baş Qərargah rəislərinin ilk görüşü Bakıda keçirilir və biz görüş üçün ölkəmizin seçilməsindən çox məmnunuq.

Biz gələcəkdə də təhlükəsizliyin möhkəmləndirilməsi və risklərin azaldılmasına öz töhfəmizi verməyə hazırıq”-deyə prezident söyləmişdi. Bu kontekstdə 2007-ci ildə baş verən və tezliklə unudulan hadisə də qeyd olunmalıdır. Belə ki, 2007-ci il iyunun 7-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranın raket təhlükəsinə qarşı Polşa və Rumıniyada radiostansiya elementləri yerləşdirmək planına qarşı alternativ təklif etmişdi. O, ABŞ prezidenti Barak Obamaya bu raket elementləri üçün o zamanlar Rusiyanın Azərbaycan ərazisində icarəyə götürdüyü Qəbələ Radiolokasiya Stansiyasından birgə istifadə etməyi təklif etməsi yada düşür.

Obama həmin təklifi qəbul etməsə də, zamanında Putinin bu təklifi dünya KİV-də 1 nömrəli xəbərə çevrilmişdi.

Sadalanan faktlar Azərbaycanın qlobal təhlükəsizlik sisteminin vacib faktoruna çevrildiyini göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR