"Oliqarx həyatlarının xərclərini vətəndaşlardan çıxırlar" - Tarif Şurasının təbii qazla bağlı qərarına REAKSİYA

30-06-2021, 22:37 97 dəfə baxılıb

"Neft-qaz ölkəsində təbii qazı limitlə vermək doğru yanaşma deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Tarif Şurasının təbii qaza tətbiq edilən limitin artırılmasına və təbii qazın bahalaşmasına münasibət bildirən iqtisadçı Nazim Bəydəmirli səsləndirib.

Nazim Bəydəmirli tariflərin fərqli olmasının idarəçilər tərəfindən sui-istifadə hallarına yol açdığını bildirib:

"Tariflər fərqlidirsə, bizim kimi ölkələrdə idarəçilər bundan sui-istifadə hallarına yol verirlər. Əhaliyə kompensasiya vermək, ünvanlı yarım etmək, o cümlədən kommunal xidmətləri ailələrin vəziyyətinə görə kompensasiya etmək ən doğru yoldur, nəinki kubmetri dəyişərək.

Hesab edirəm ki, Azərbaycan neft-qaz ölkəsidir, lakin vətəndaşlara təbii qazın satılmasında ciddi niyyət pozuntuları var və bu pozuntular ancaq və ancaq daha çox mənimsəməyə, izafi xərclərini vətəndaşların hesabına aradan qaldırmağa yönəlir. Neft-qaz ölkəsində təbii qazı limitlə vermək doğru yanaşma deyil. Fərqi nədir ki, vətəndaş aztəminatlıdır və ya daha təminatlıdır? Vətəndaşlar arasında ayrı-seçkiliyə yol vermək, bu klafikasiyanı ortalığa gətirmək insanları bölmək anlamına gəlir. Hökumət bu tipli bölmələrlə vətəndaşları təbəqələşdirir, onlar arasında nifrəti artırır.

Dövlətin vahid tarif siyasəti olmalıdır. Tarif siyasətinin əsas məğzi kommunal xidmətlərin maya dəyərinə uyğunlaşdırılmasıdır. Bundan qazanc mənbəyi kimi istifadə etmək sosial dövlət anlayışına ziddir. 2009-cu ildə ölkə başçısı kommunal xidmətlərin, enerjinin tarifinin maya dəyərinə uyğunlaşdırılması və maya dəyərindən 30 faiz artıq olmaması ilə bağlı fərman imzalamışdı. Bütün bunlar yaddan çıxıb.

İdarəçilər öz izafi xərclərini, rəhbərlərinin oliqarx həyatlarının xərclərini, mənimsəmələrini vətəndaşlardan çıxarmaq yolu tutublar. Neft-qaz layihələrindən pulsuz alınan qazı vətəndaşa sataraq daha çox vəsait qazanma yolu tutublar. Bu məsələni çox ciddi qanun pozuntusu kimi qiymətləndirirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR