STATUS SÖHBƏTİ olmasa, ermənilər Qarabağda qalmayacaq - FAKT BUDUR!

10-08-2021, 18:03 197 dəfə baxılıb

Rusiya ordusunun qəfil Qazaxla sərhəddə peyda olması müxtəlif reaksiyalar və iddialar doğurub. Əsas iddialardan biri budur ki, sağa-sola vurnuxan, gah ATƏT qoşunlarının, gah da beynəlxalq müşahidəçilərin sərhədə gəlməsini istəyən, KTMT-dən çıxa biləcəkləri barədə mesajlar verən İrəvanın "qəfil dönüşü” suallar doğurmaya bilməz. Rəsmi Moskva hələ ki bu xəbərlərə dolğun reaksiya verməyib.

Ermənistan rəhbərliyi fərqindədir ki, statusun gorbagor olması, Azərbaycanın bu məsələdə tutduğu dəyişməz və qəti mövqe xüsusilə Qarabağdakı köçmən erməniləri ümidsiz edib. O səbəbdən Minsk Qrupunun fəaliyyətini tezliklə bərpa etmək, hansısa xəyali "status”, "erməni əhalisinin taleyi”ni gündəmə gətirməyi yeganə çıxış yolu kimi görür. ABŞ və Fransa bu məsələdə Ermənistanla eyni mövqedədir, amma Rusiyanın tərəddüdləri var. Ən azı Rusiya prezidenti statusla bağlı "sonrakı illər, sonrakı məsələ” kimi mövqe ortaya qoyub. Amma Rusiya da erməniləri Qarabağda başqa cür saxlamağın mümkünsüz olduğunun fərqindədir. Bu səbəbdən Minsk Qrupunda təmsilçisini dəyişməklə o mesajı verdi ki, Moskva da həmsədrlik institutunun danışıqlara yenidən başlamasına tərəfdardır. Rusiya onun da fərqindədir ki, "status söhbəti” olmasa, ermənilərin Qarabağda qalmağının da, yaşamasının da mənası yoxdur, rədd olub gedəcəklər. Bu isə bölgədə sülhməramlıları olan Rusiyanın maraqlarına qəti uyğun deyil. Ona görə 30 il olduğu kimi, yenidən mənasız, nəticəsiz danışıqlarla Ermənistanın da, ermənilərin də başını qatmaq, onları əldə saxlamaq olar. O səbəbdən Bakı bu yeni hərəkətliliyi ciddi izləməlidir. Əgər hər hansı razılaşma varsa, o zaman Rusiya bunu Azərbaycana münasibətdə hansısa formada büruzə verəcək.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayevin məsələ ətrafındakı fikirləri diqqət çəkir: "44 günlük müharibədən sonra Paşinyan Moskvada Putinlə bir neçə dəfə görüşüb. Eynilə Prezident İlham Əliyev də ayrılıqda belə görüşlər keçirib. İmzalanmış üçtərəfli sazişin həyata keçirilməsinə Rusiya qarant olduğundan belə görüşlərin mütəmadi keçirilməsi təbiidir. Sözsüz ki, belə görüşlərdə Paşinyan maksimum şəkildə situasiyanın özlərinin xeyrinə dəyişməsinə çalışıb, bundan sonra da çalışacaq. Həmçinin Ermənistan ərazisində Rusiya hərbi bazası olduğundan həmin qüvvələrin sərhədlər daxilində dislokasiya yerini dəyişməsi və digər addımlar atması da bizə xoş gəlməsə də onların daxili işləridir. Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur, delimitasiya, demarkasiya məsələləri də qarant tərəfin öhdəliyi ilə tənzimlənir. Yəni mən Ermənistanla sərhəd boyu hər hansı bir hərəkətliliyi hələlik təhlükə hesab etmirəm. Əsas təhlükəni Qarabağın bizim nəzarətimizdən kənar, erməni nəzarətində qalan hissəsində görürəm. Nə qədər desək də status gorbagor olub, məhz nəzarət etmədiyimiz ərazini əsas gətirərək bu gün dünyada yenidən status məsələsi müzakirə olunur. Hesab edirəm ki, problemin birdəfəlik həllinə nail olmayınca, həmin ərazilər Azərbaycanın tam nəzarətinə keçməyincə belə manipulyasiyalar da olacaq. Çünki bu fikrin müdafiəçiləri mövcud vəziyyəti əsas gətirərək belə təkliflərlə çıxış edirlər. Düşünürəm ki, situasiya belə davam edərsə, alternativ həll yolu (fərqi yoxdur siyasi, yaxud hərbi) ortaya qoyulmazsa, Rusiya da status məsələsini açıq şəkildə gündəmə gətirəcək”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etdiyini düşünür: "Rusiya siyasətini on illərə müəyyən edən bir dövlətdir. Ermənistan deyil ki, gündə mövqeyini on dəfə dəyişsin. Moskva 10 noyabr və 11 yanvar sənədlərini hərtərəfli düşünəndən sonra imzalayıb. Bu sənədlərin onun maraqlarını tam ehtiva etmədiyinin də fərqindədir. Sadəcə, Azərbaycan və Türkiyə birliyinin qarşısında bir sıra məsələlərdə güzəştə getməyə məcbur olub. Azərbaycan və Türkiyənin birgə qurduqları siyasət sistemində Rusiyaya "Mavr” rolu ayrılıb : ”Mavr işini gördü , Mavr gedə bilər". Putin Qərbin ciddi sanksiyaları qarşısında Türkiyə-Azərbaycan tandemi ilə hesablaşmalı oldu, "Mavr” roluna razılaşdı. İndi hadisələr həmin ssenari ilə davam edir. Rusiya öz rolunu oynamaqda davam edir. Qazax istiqamətinə rus hərbçilərinin gəlməsi də təbiidir. Yuxarıda qeyd etdiyimiz razılaşma sənədinə görə Rusiya erməni hərbi qüvvələrinin Qazağın 7 kəndi və Sədərəyin Kərki kəndindən çıxmasını təmin etməlidir. Ermənilərin öz öhdəliklərinə əməl etməsinin ən yaxşı qarantı başları üzərindəki yumruqdur. Hesab edirəm ki , proses Azərbaycanın maraqlarına uyğun davam edir, Rusiyanın geri çəkilməyə, ermənilərin də qaçmağa yeri yoxdur. Hər şey biz istədiyimiz kimi olacaq".

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu təcavüzkar ölkənin vəziyyətinin durmadan gərginləşdiyini qeyd etdi: "Ermənistan müharibədə ağır məğlubiyyətdən sonra ikinci şokunu yaşadı-Azərbaycan bu ölkə ilə az qala 30 il nəzarətsiz qalan sərhədini müəyyənləşdirməyə başladı. Ermənilər Azərbaycan hərbçilərini yaxınlıqlarında görürlər. İrəvan bu vəziyyətdə sərhədin müəyyənləşməsi məqsədilə Bakı ilə danışıqlara razı olmaq əvəzinə Rusiyaya yalvarmağa başladı ki, gəlin sərhəddə yerləşin. Moskva bir ara bu çağırışlara reaksiya vermirdi və Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyirdi. Seçki arxada qaldı və Nikol Paşinyan kürsüsünü qorudu. Kreml Ermənistanda Paşinyan reallığını qəbul etdi. Bundan sonra Rusiyanın Ermənistandakı səfiri və ayrı-ayrı rus generallar tez-tez sərhəd ərazilərdə görünməyə başladılar. Aydın oldu ki, Rusiya Ermənistanın Türkiyə və İranla yanaşı Azərbaycanla sərhədində də yerləşməyə hazırlaşır. Ancaq Ermənistanın Türkiyə və İrandan fərqli olaraq Azərbaycanla sərhədinin bəzi kəsimləri müəyyən olunmayıb. Ona görə rusiyalı sərhədçilərin sərhədin müəyyən olunmayan kəsimində yerləşməsi Azərbaycanın haqlı narazılığına səbəb ola bilərdi. Buna görə də Moskva risq etmədi. Rusiya öz hərbçilərini hələ ki sərhədin delimitasiya və demarkasiya olunmamış hissələrinə göndərmir. Rusiya sərhədçiləri Tovuz istiqamətində görünməyə başlayıblar. Ermənistan normal dövlət olsaydı, delimitasiya və demarkasiya işləri yekunlaşandan sonra o biri tərəfdə hansı ölkənin sərhədçilərinin xidmət çəkəcəyi Azərbaycanı çox maraqlandırmamalı idi. Ancaq yenə də Ermənistanın Türkiyə və İranla sərhədi ilə Azərbaycanla sərhədi arasında fərq var. Ermənistanın Türkiyə və İranla sərhədində insident baş vermir. Kim zəmanət verə bilər ki, Ermənistan ordusu Azərbaycanla sərhədə təxribat törədib rusiyalı sərhədçilərin arxasında gizlənməyəcək? Misal üçün, rusiyalı hərbçilər Qarabağdadırlar. Ancaq elə rusiyalı hərbçilərin nəzarət etdiyi ərazilərdən Şuşa atəşə tutuldu.

Bu hallar sərhəddə də baş verə bilər. Bu mənada rəsmi Bakının Moskvadan müxtəlif kanallarla hesabat istəməyə haqqı çatır. Kremlə ən azı iki sual ünvanlanmalıdır: Rusiya öz hərbçilərini hansı məqsədlə Ermənistan-Azərbaycan sərhədində yerləşdirir? Rusiya hərbçiləri onların nəzarət etdiyi Ermənistan ərazisindən Azərbaycana qarşı hər hansı təxribatın baş verməyəcəyinə təminat verirmi? Məsələ burasındadır ki, o tərəfdən bizə qarşı təxribat baş verərsə, biz cavab vermək məcburiyyətində qalacağıq. Bunun məsuliyyəti isə artıq Rusiyanın üzərində olacaq. Belə çıxacaq ki, İrəvan Rusiya ilə Azərbaycanı üz-üzə qoyur. Rusiya sözdə bizə müxtəlif vədlər verə bilər. Ancaq reallıq fərqlidir. Rəsmi Bakı balanslaşdırılmış xarici siyasəti bir mərhələyə qədər davam etdirə bilər. Hazırda elə bir mərhələyə gəlmişik ki, strateji tərəfimizlə çalışmalarımızı genişləndirməliyik. Prezident İlham Əliyev özü hər dəfə vurğulayır ki, ”dünyada Türkiyə-Azərbaycan ittifaqının bənzəri yoxdur", "Azərbaycan Ordusu Türkiyə Ordusunun kiçik modelinə çevrilməlidir” və s. Demək, təhlükəsizlik siyasətini bu tezislər əsasında formalaşdırmalıyıq. Rusiya Ermənistandakı hərbi bazasını genişləndirirsə, Azərbaycanla sərhəddə hərbçilərini yerləşdirirsə, biz niyə eyni işi Türkiyə ilə görməməliyik? Azərbaycan cəmiyyəti və siyasi palitrası rusiyalı hərbçilərin vaxtları bitəndən sonra Qarabağdan çıxmasını istəyir. Hakimiyyətin də istəyir budur, əks halda, Xarici İşlər Nazirliyinin açıqlamalarında "Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar” ifadəsi yer almazdı. Ancaq Moskva, İrəvan və Qarabağdakı erməni separatçıları rusiyalı hərbçilərin bölgədə daimi qalmasını üçün əllərindən gələni edəcəklər, müxtəlif təxribatlar da istisna deyil. Odur ki, rusiyalı hərbçilərin torpaqlarımızdan çıxması üçün bizə Türkiyənin diplomatik və hərbi dəstəyi lazım gələcək. Bu prosesə isə indidən başlamaq lazımdır. İlk addım rusiyalı hərbçilərin sərhədimizdə yerləşdirilməsinə düşünülmüş və gələcəyə hesablanmış cavabımız olmalıdır. Bu arada, Fransa prezidenti Emmanuel Makronun avqustun 5-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi diqqəti çəkdi. Makron müharibə və ondan sonrakı dövrdə verdiyi açıqlamalarda birmənalı şəkildə Ermənistanı və erməniləri müdafiə etdi. Böyük dövlətlərin liderləri arasında Ermənistana və erməni separatizminə ən çox dəstək verən dövlət başçısı məhz Makrondur. Emmanuel Makron Minsk Qrupunu fəallaşdırmaq istəyir. Ona bu məsələdə Vaşinqton da dəstək verir. Kreml bunun əleyhinə deyil, ancaq həmsədrlərin yenidən fəallaşması məsələsində Vaşinqton və Paris qədər israr etmir. Çünki Kremlə Cənubi Qafqazda əsas rəqibləri-ABŞ və Fransa simasında tərəfdaş lazım deyil. Rusiya öz hərbçilərini Qarabağa göndərəndə də Vaşinqton və Parislə məsləhətləşməmişdi. Həmsədrlik institutunun süni surətdə canlandırılması Azərbaycanın da maraqlarına cavab vermir. Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Buna görə də Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını və Makrondan əvvəlki axarına qayıtmasını istəyir. Ancaq bu, Emmanuel Makronun prezidentliyi dövründə alınmayacaq. Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini və Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir. Ona görə də Makronun Bakıya zənglərinin Fransa-Azərbaycan münasibətlərini indiki böhran vəziyyətindən çıxaracağını gözləmək əbəsdir. Bir müddət sonra Makron yenə ermənilərə simpatiyasını israr edən açıqlama verəcək. Bu baxımdan həmsədrlik institutu bizim üçün bitib, söhbət həmsədr dövlətlərlə ikitərəfli münasibətlərdən gedə bilər".
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR