“Uşaq pulu”, sosial yardım, yoxsa özünüməşğulluq? - Dövlət hansını seçsin?

22-05-2020, 14:28 20 dəfə baxılıb

“Uşaq pulu”, sosial yardım, yoxsa özünüməşğulluq? - Dövlət hansını seçsin?


Azərbaycanda aztəminatlı və işsiz əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində bir sıra addımlar atılır.

Onlardan biri də Ünvanlı Dövlət Sosial Yardımıdır. (ÜDSY) Qeyd edək ki, dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımının təyin olunması üçün bir neçə amillər nəzərə alınır. Bəzən bu yardımın heç də öz təyinatı üzrə yönəlmədiyi barədə fikirlər ortaya çıxır. Azərbaycanda kölgə iqtisadiyyatı mövcud olduğu üçün “aztəminatlı” kateqoriyasına şamil edilən ailələrin müəyyən edilməsində qeyri-obyektivliyə yol verilmə faktlarına rast gəlinir.

Əslində, aztəminatlı ailə dedikdə, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ÜDSY-nin təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Qeyd edək ki, cari ildə ehtiyac meyarı 160 manat olaraq müəyyən edilib. Yəni ÜDSY-nin təyini üçün aztəminatlı ailənin adambaşına düşən gəlirləri bu məbləğdən daha aşağı olmalıdır. 2016-cı ildən tətbiq olunan özünüməşğulluq siyasəti isə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Qeyd edək ki, son zamanlar rayon icra hakimiyyətlərinin vəzifəli şəxsləri ilə bağlı baş verən neqativ hallar bu sahədə mənimsəmə faktlarının nə qədər iri miqyaslı olduğunu üzə çıxarıb. Belə bir vəziyyətdə həm də ölkənin demoqrafik durumuna təsir edəcək və heç bir şərtə və ya ünvanlılıq prinsipinə əsaslanmayan “uşaq pulu”-nun təyini vacib hesab olunur.

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, sözügedən layihələr bir-birinə oxşar olsa da, onların tamamilə fərqli hədəfləri var:

“Məsələn, özünüməşğulluq işsizlərin işlə təmin olunması üçün həyata keçirilən layihədir, ünvanlı sosial yardım işi olan, amma əmək haqqı ilə ailəsini dolandıra bilməyənlər üçün həyata keçirilən layihədir. “Uşaq pulu” ortada olmasa da, bu, dövlətin xalqın genefondunun qorunması, ona dəstək verilməsi üçün nəzərdə tutulan layihədir. Bu üç layihədən ən vacibi “uşaq pulu” məsələsidir. Çünki hazırda ailələr uşaqların saxlanması, onların xərclərini ödənilməsi istiqmətində ciddi çətinliklər çəkir. Digər tərəfdən isə uşaqlar bizim gələcəyimizdir, Azərbaycan hökuməti hər bir uşağa dövlətin töhfəsini verməlidir. Ona görə də hərtərəfli olaraq “uşaq pulu”nun verilməsi vacibdir”.

Ekspert deyir ki, ölkədə özünəməşğulluq layihəsi özünü doğrultmayıb:

“Bu sahəyə ayrılan vəsaitlər məşğulluq mərkəzi rəhbərlərinin korrupsiya yeminə çevirilib. Bir qədər əvvəl rayonların birində bir neçə nəfərin aldığı vəsaitləri gördüm, onlarla hansısa fəaliyyət göstərib, pul qazanmaq mümkün deyil. Bu bütün ölkə üzrə belədir. Bərdə, Yevlax, İmişli, Beyləqandan bununla bağlı kifayət qədər şikayətlər gəlib. Buna görə də bu qənaətə gəlmişəm ki, Azərbaycanda özünüməşğulluq layihəsi iflasa uğrayıb. Ona ayrılan vəsait oğru məmurların qazanc mənbəyidir. Hesab edirəm ki, ümumiyyətlə, bu layihə dayandırılmalıdır”.

Akif Nəsirli bildirir ki, ünvanlı sosial yardım layihəsi də özünü tam şəkildə doğrultmur, amma müəyyən qism ehtiyacı olanlara çatır:

“Əslində, bu layihələr - həm sosial məşğulluq, həm də ünvanlı sosial yardım - bir çox ölkələrdə uğur qazanmış layihələrdir. Lakin Azərbaycanda şəffaflığın qorunması, korrupsiya, rüşvətxorluq problemi olduğundan bu layihələr eybəcər bir formaya düşür. Layihələri reallaşdırmaq üçün ciddi problemlər yaranır. Bu baxımdan da “uşaq pulu”nu seçərdim, çünki “uşaq pulu” birbaşa uşağın adı ilə və hər kəsə çatan vəsaitdir. Ona görə də hesab edirəm ki, Azərbaycan üçün layihənin reallaşma imkanları baxımından da ən səmərəlisi “uşaq pulu”-nun verilməsidir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR