Goranboy peşə məktəbində “bayram mənimsəmələri”

10-04-2016, 13:05 762 dəfə baxılıb

Goranboy peşə məktəbində “bayram mənimsəmələri”












Məktəbin direktoru Nazim Musayev bayram günləri münasibətilə məktəb kollektivinə ayrılan pulları da müəllimlərə vermir

Artıq bir neçə müddətdir ki, redaksiyamıza Goranboy rayonu Dəliməmmədli qəsəbəsində yerləşən peşə məktəbinin fəaliyyətindən doğan ciddi narazılıqların əks olunduğu məlumatlar daxil olmaqdadır. Həmin məlumatlarda bildirilir ki, məktəbin rəhbərliyi müəssisənin idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsini acınacaqlı bir duruma gətirmişdir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Redaksiyamıza Goranboydan daxil olan məktublarda isə, ümumiyyətlə yerli ictimaiyyətin rayonun peşə təhsili sisteminin düşdüyü ağır durumdan son dərəcə narahat olduğu bildirilir. Qeyd etmək lazımdır ki, bu narazılıqlar sözügedən təhsil müəssisəsinə rəhbərlik edən Nazim Musayevin yarıtmaz fəaliyyəti nəticəsində formalaşmışdır. Bu xüsusda bizimdovr.az-a təqdim olunan açıqlamalarda bildirilir ki, hazırda 160 nəfər şagirdin təhsil aldığı peşə məktəbində direktorun tətbiq etdiyi qaydaların əsasında ilkin olaraq pul yığımları durur. Məhz buna görə də, Nazim Musayev hətta məktəbdə işləyən müəllimlərə qarşı da mütəmadi olaraq, pul tələbləri irəli sürür. Həmçinin məlumatlarda Goranboy peşə məktəbində pulla işə qəbulun da sürəkli həyata keçirildiyi bildirilir. Daha sonra mənbələr bildirirlər ki, direktorun əsas qazanc mənbələrindən biri də dərsə gəlməyən şagirdlərin təqaüd kartlarıdır. Belə ki, Nazim Musayev dərslərə gəlməmək müqabilində bir çox şagirdlərin təqaüd kartlarını özündə saxlayaraq onlara dövlət tərəfindən verilən aylıq 38 manatı mənimsəyir. Bu barədə məlumatlarda deyilir: “Bu gün 160 nəfər şagirdin təhsil aldığı Goranboy peşə məktəbində, orta hesabla 50 nəfərə qədər şagird məktəbin yolunu tanımırlar. Onların aldıqları 38 manat təqaüd də, hər ay Nazim müəllim tərəfindən mənimsənilir. Çünki, həmin şagirdlərə məxsus təqaüd kartlarını direktor özündə saxlayır. Bu da hər ay, məktəb direktorunun 2000 manata yaxın vəsaiti mənimsəməsi deməkdir. Məktəbin ştat cədvəlində olan 57 nəfərlik müəllim, texniki işçi kollektivinin aldıqları əmək haqqları da, heç bir halda onun nəzər-diqqətindən də kənarda qalmır. Digər tərəfdən isə, məktəb jurnallarındakı qeydlər müəssisənin aktiv fəaliyyət göstərməsini, şagirdlərin burada zəngin biliklərə və peşə vərdişlərinə yiyələndiklərini israrla sübut edirlər…”
Daha sonra bizimdovr.az-a daxil olan açıqlamalarda Nazim Musayevin Goranboy rayon təhsil şöbəsinin həmkarlar təşkilatının xətti ilə, bayram günləri münasibətilə məktəb kollektivinə ayrılan pulların da çox hissəsini mütəmadi olaraq mənimsədiyi vurğulanır. Məsələn, növbəti belə bir maxinasiyanın da bu yaxınlarda, Novruz bayramı münasibətilə ayrılan pullarla törədildiyi bildirilir. Mənbə iddia edir ki, bu əziz gündə məktəbin müəllimlərinə tərtib olunmuş siyahı üzrə paylanmaq üçün 1500 manat pul ayrılıb. Nazim Musayev isə, hər müəllimə 3-5 manat verməklə kifayətlənib. Məbləğin qalan hissəsini də özü mənimsəyib. Həmçinin bundan bir qədər əvvəl, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ayrılmış pullarla da oxşar maxinasiya baş vermişdi. Belə ki, direktor həmkarlar ittifaqından ayrılan pulları şəxsən götürərək, həmin məbləğin müəyyən hissəsini məktəbdə çalışan qadın müəllimələrə vermişdi. Lakin, bu zaman məktəbin Naftalan şəhərində fəaliyyət göstərən filialında çalışan qadın müəllimələrə pul verilməmişdi…

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR