Müğənnidən tutmuş xidmət personalına qədər “qan ağlayır”; hamı Məhərəmlikdən sonranı gözləyir

15-09-2020, 18:31 239 dəfə baxılıb

Ölkədə yarım ildən çoxdur ki, şadlıq saraylarının qapısı kilidlənib. Pandemiya ilə əlaqədar toy-nişan, xınayaxdı, ad günü məclislərinin keçirilməsinə qoyulan qadağa şadlıq evlərinin fəaliyyətini tamamilə iflic edib.
Martın 15-dən bəri istər Bakı, istər regionlarda xidmət göstərən şadlıq sarayları bağlanıb, təxminən 7 aydır ki, heç biri müştəri qəbul etmir.
Buna səbəb koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, insanların kütləvi toplaşmasını məhdudlaşdırmaqdır.
Nəticə etibarı ilə ölkənin ən gəlirli və rentabelli işləyən sahələrindən olan toy biznesi çöküb.
Ötən gün “Yeni Müsavat” üçün reportaj hazırlayarkən baş çəkdiyimiz şadlıq saraylarında gördüyümüz mənzərə və eşitdiklərimiz bir daha yuxarıda sadaladıqlarımızı təsdiqləyir.
Şadlıq saraylarının sahibləri deyirlər ki, yüzlərlə ofisiant, qabyuyan, kababçı aylardır işsiz qalıb.
Onların sözlərinə görə, toylardan qazanan kameramanlar, fotoqraflar, musiqiçilər şadlıq evlərinin nə vaxt açılacağını gözləyirlər.
Söhbətləşdiyimiz şəxslərin dediklərinə görə, Məhərrəmlikdən sonra toylara icazə verilməsi mümkündür.





Amma qəti bir söz deyilməyib və payızda epidemiyanın hansı səviyyədə yayılmasından asılı olaraq qərar qəbul olunacaq.
Şadlıq saraylarının səlahiyyətliləri deyirlər ki, pandemiyada ilk və ən böyük iqtisadi zərbə onlara dəyib.
Nəzərə alsaq ki, bugünlərdə qonşu Gürcüstan və Türkiyə də toy-nişan mərasimlərini yasaqlayıb, o halda Bakıdakı restoran sahibləri əllərini tam üzüblər.
Onların fikrincə, ilin sonuna qədər toy məclislərinə razılıq veriləcəyi inandırıcı görünmür. Amma yenə də Məhərrəmlikdən sonra bir ümid var.
Şadlıq saraylarından öyrəndik ki, arabir hansısa müştəri gün təyin etmək üçün əlaqə saxlayır.
Amma Operativ Qərargahın oktyabrdan sonra hansı addımı atacağını bilmədikləri üçün müştərini arxayın salmırlar.
“Martdan bu yana günə neçə min manat itirmişik özünüz fikirləşin. Toy elə biznesdir ki, hamı qazanır. Burada gəlin maşını sifariş verməkdən tutmuş atəşfəşanlığa qədər xidmətlər var.
Restoranların həyətindəki “parkovşik”lərə qədər gündəlik evinə pul aparırdı. Biz hələ aşpazları, kababçıları, ofisiantları demirik.
Təsəvvür elə, müğənnisi də, klarnet çalanı da çörəksiz qalıb. Deyirlər ki, ən böyük ziyan turizm sektoruna dəyib.
Amma turizmdən çox toyxanalara dəydi", - deyə adının çəkilməsini istəməyən həmsöhbətimiz danışır.
Onu da öyrənirik ki, şadlıq evlərinin sahibləri məcburiyyət qarşısında işçiləri buraxmalı olublar. Onların sözlərinə görə, qazanc yoxdursa, personalın maaşını ödəmək mümkün deyil: “Bu sahə belədir ki, başqa gəlir variantı yoxdur.
Hamı da bir-birindən zəncirvari asılıdır. Elə bil ki, böyük sənayedir. Yəni toy olmasa nə mətbəxdə yemək bişəcək, nə kabab çəkiləcək, nə musiqiçi özünə iş tapacaq.


Düzdür, hərdən internetdə baxırıq, bəziləri gizli toy ediblər, amma üstü açılıb. Kim risk edə bilər? Onun cəriməsinin altından çıxmaq olmaz".
Şadlıq saraylarının sahibləri arzu edirlər ki, Məhərrəmlikdən sonra toy biznesi bərpa olsun, düşdükləri ağır vəziyyətdən çıxsınlar.
Qeyd edək ki, ölkədə 800-dən çox şadlıq evi fəaliyyət göstərir və bu, bizim kimi dövlətlər üçün kifayət qədər böyük rəqəmdir. İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, toy biznesi iqtisadiyyatın qeyri-neft sektorunun böyük bir hissəsidir:
“Buraya foto və video çəkiliş xidmətləri göstərənlər, gəlinlik dükanlarına sahib olanlar, dizaynerlər, çiçək biznesi və s. daxildir.
Pandemiyadan əvvəl bu sektorda onminlərlə insan işləyirdi, lakin bir neçə aydır ki, onların hamısı işsiz qalıb".
Ekspertin fikrincə, şadlıq evlərinin açılmasına icazə verilsə belə, onlar yenə də çətinliklərlə üzləşəcək. Çox güman ki, pandemiyanı nəzərə almaqla yeni qaydalarla işləməli olacaqlar.


Yeni qaydalar işlərini çətinləşdirəcək və karantin səbəbindən, bağlanmazdan əvvəlki qədər qazanc əldə etməyə imkan olmayacaq.
Yeri gəlmişkən, müğənnilər də pandemiyanın vurduğu ziyandan olduqca narazıdırlar. Nadir Qafarzadə pandemiya dövrünü müharibəyə bənzədib:
“Müharibə dövründə də insanlar ölür, aclıq, səfalət baş alıb gedir. Elə pandemiya da müharibədən fərqlənmir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR