Bəşəriyyətin bitməyən dərdi: - Hansı ölkələr ciddi su çatışmazlığı yaşayır?

3-07-2020, 09:47 101 dəfə baxılıb

Dünya əhalisinin üçdə ikisi (4 milyard nəfər) ildə ən azı bir ay müddətində ciddi su qıtlığı şəraitində yaşamalı olur.

Yarım milyard insan isə il boyu ciddi su qıtlığından əziyyət çəkir. Ümumilikdə dünyanın böyük şəhərlərinin yarısında su qıtlığı problemi var.

Cebhe.info-nun məlumatına əsasən, dünyadakı suyun cəmi 0.014 faizi şirin, 97 faizi isə duzlu sudur.

Texniki baxımdan isə insanlığı təmin etmək üçün kifayət qədər şirin su mövcuddur. Lakin su resurslarının qeyri-bərabər paylanması nəticəsində bəzi coğrafi ərazilər həddindən artı nəmişlik, bəzi ərazilər isə quraqlıqdır. Əlavə olaraq, son onilliklərdə şirin suya olan təlabatın artması su qıtlığını daha da kəskinləşdirir. Əgər indiki vəziyyət davam etsə, gözlənilir ki, 2030-cu ildə suya olan təlabat su təminatının 40 faizini üstələsin. İnkişaf etməkdə olan ölkələrdə isə inkişaf etmiş ölkələrə nisbətən daha çox su istifadə olunur.

Məlumata görə, 21-ci əsrdə Avropa qitəsində qlobal istiləşmədən ən çox mənfi təsirlənəcək bölgələr Aralıq dənizi hövzəsi və Alp dağlarıdır. Qlobal istiləşmə Aralıq dənizi hövzəsində quraqlıq yaradacaq, meşə yanğınları baş verəcək, bəzi kənd təsərrüfatı əraziləri yox olacaq və Aralıq dənizi hövzəsində yaşayan insanların 14-38 faizi su çatışmazlığı yaşayacaq.

Dünya miqyasına görə, adambaşına ildə 1000 m3-dən az su düşən ölkələr su ehtiyacı olan, 2000-dən 3000 m3-ə qədər su az olan və 8000 m3-dən çox su düşən ölkələr isə zəngin ölkələr hesab olunur.

Azərbaycan su ilə nisbətən az təchiz olunan ölkələrdəndir. Ölkənin su ehtiyatları regiondakı su ehtiyatının cəmi 15 faizini təşkil edir. Ölkədə il ərzində su mənbələrindən təxminən, 12 milyard kubmetr su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir.

Cənubi Qafqazın digər ölkələrilə müqayisədə Azərbaycan ən az su ehtiyatları ilə təmin olunan ölkədir. Yəni ölkənin əsas çayları – Kür, Araz, Qabırlı, Qanıx, Samur kənarda formalaşaraq, ölkəyə daxil olur.

Respublika ərazisində formalaşan çaylar isə Böyük və Kiçik Qafqaz dağlarına yağan yağıntı və qarla qidalanır. Xüsusən də, Böyük Qafqaz çaylarının qidalanmasında qarların rolu böyükdür. Məsələn, 50 il bundan əvvəllə müqayisə edilsə, Azərbaycanda Böyük Qafqaz dağlarında Bazar düzü, Bazar Yurd, Şahdağ, Tufandağ zirvələrində 6,8 kvadrat kilometr daimi dağ buzlağı vardı. Bu dağ buzlaqları, həmin dağlara yağan qar regiondakı çayların qidalanmasında böyük rol oynayırdı. Son dövrlərin çox dəqiq olmayan aerokosmik şəkillərinin təhlilindən alınan nəticələr və ETSN-nin qar ölçmə işi ilə məşğul olan xüsusi dəstəsinin müşahidələri göstərir ki, buzlaqların sahəsi, qarın sıxlığı, qarın su tutma qabiliyyəti xeyli azalıb. Hətta qeyd edilir ki, respublikada buzlaqların sahəsi 2 dəfə azalıb. Bu azalma çaylarımızın qidalanmasına öz mənfi təsirini göstərir. Ölkəmizdə yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir.

Respublika ərazisindəki irili-xırdalı 8 359 çaydan yalnız 171-nin uzunluğu 25 kilometrdən artıqdır. 327 çayın uzunluğu 25 km-dən, 7861 çayın uzunluğu isə 10 km-dən azdır. Hesablamalara görə, Azərbaycanda çay şəbəkəsinin orta sıxlığı 0,39 km/km2 təşkil edir. Çay şəbəkəsinin ən böyük sıxlığı Lənkəran (0,84 km/km2), ən az sıxlığı isə Ceyrançöl və Abşeron-Qobustan (0,20 km/km2) bölgələrinin payına düşür.

Azərbaycan ərazisində ümumi sahəsi 394 km2 olan 450-yə yaxın göl mövcuddur ki, bunlardan da 200-ə yaxını yay aylarında quruyur. Göllərin ümumi su ehtiyatı 0,90 km3-ə, şirinsulu göllərin ehtiyatı isə 0,03-0,05 km3-ə yaxındır.

Ermənistan ərazisindən keçən Arpaçay çayından axan suyun Göyçə gölünə axması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasında da ciddi bir susuzluq problemi var.

Şimali Amerika dünyada su ilə zəngin olan qitələrə liderlik edir. Burada ABŞ və Kanada, Cənubi Amerikada isə Braziliya dünyanın su cəhətdən ən varlı ölkələri sırasındadır. Köhnə qitənin ən varlıları isə Rusiya, Avstriya, Fransa, Niderland, İslandiya və Norveçdir. Rusiya Asiya qitəsində də liderliyini qoruyur. Daha sonra sırada Çin və Hindistan gəlir. Afrika qitəsində Misir, Konqo və Çad Respublikası su problemi olmayan ölkələr sırasındadır. Həmçinin Avstraliya və Yeni Zellandiyanın Okeaniya bölgəsində su problemi yoxdur.

Bununla birlikdə, dünyanın su ehtiyatlarının yarıdan çoxu 10 ölkənin sərhədləri daxilindədir. Kanada, Braziliya, Norveç, Rusiya, ABŞ, Yeni Zellandiya, Avstraliya, Kolumbiya, Braziliya və Çin. Dünya əhalisinin 60 faizini təşkil edən Asiya qitəsi su ehtiyatlarının 36 faizinə sahibdir. Su çatışmazlığı olan ölkələr dünya əhalisinin 20 faizini təşkil edir. Afrikada su çatışmazlığı əhalinin 48 faizini təşkil etdiyi halda, Asiyada bu nisbət 22 faizdir.

Məlumatlara görə, dünyanın 15 ölkəsində həddindən artıq su çatışmazlığı var. Bunlar, müvafiq olaraq, Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan və Omandır. Tədqiqatlar bu ölkələrdə təmiz içməli suyun 80%-nin kənd təsərrüfatı, sənaye və şəhər bələdiyyələri tərəfindən istifadə olunduğunu göstərir.

Siyahıya görə, Avropada ən çox su çatışmazlığı olan ölkələr isə müvafiq olaraq, San Marino, Belçika, Yunanıstan, İspaniya, Albaniya, Portuqaliya və İtaliyadır. Bu ölkələr siyahıda Türkiyə ilə eyni kateqoriyada yer alır. Dünyada ən az təmiz su çatışmazlığı olan ölkələr sırasında Surinam, Yamayka, İslandiya, Norveç, Uruqvay və Paraqvay qərarlaşıb. Siyahıda Braziliya, Kolumbiya, Finlandiya, Slovakiya, Belarusiya və İsveç kimi Cənubi Amerika və Şimali Avropa ölkələri var.

Su ilə zəngin ölkələr qar, yağış, buzlaqlar və çaylara borcludurlar. Bir sözlə, dünyada su təbiətdə ədalətsiz şəkildə, qeyri-bərabərliklə paylanır. Bununla birlikdə, su qıtlığı zəngin sənayeləşmiş ölkələrin siyasətinin yaratdığı problemdir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR