"Ramiz Mehdiyev vəzifədə olanda belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?"

30-06-2020, 23:54 355 dəfə baxılıb

Kadr islahatları, yüksək vəzifəli şəxslərin korrupsiya əməllərinin üzə çıxması, bəzi icra başçıları və yüksək vəzifəli şəxslərin cinayət başında yaxalanaraq həbsə atılması son aylar ən çox müzakirə olunan mövzulardandır. Baş verənlərin fonunda iqtidardakı Yeni Azərbaycan Partiyasının (YAP) ünvanına sərt tənqidlər, bu siyasi gücün öz hakim rolunu itirdiyinə dair fikirlər irəli sürülür. Hətta “köhnə qvardiya”nın revanşa hazırlaşdığı barədə iddialar da səslənir.

YAP-ın qurucularından biri və Siyasi Şurasının üzvü, keçmiş deputat, 5 il icra başçısı işləmiş və son 10 ildə işsiz olan Musa Musayev “Press Klub”un mövzu ilə bağlı suallarını cavablandırıb:

– Müstəqilliyin ilk illərində hamımızın böyük arzularımız vardı: güclü dövlət qurmaq, xalqın birliyini təmin etmək, Qarabağ probleminin həllinə nail olmaq, azad, firavan bir cəmiyyətdə yaşamaq…

– Bunların hamısına nail olunub. Yadınızdadırsa, 1993-cü ilin may-iyun hadisələri elə bir vəziyyətə gətirib çıxardı ki, dövlət müstəqilliyimizin itirilməsi təhlükəsi yarandı. Buna görə Azərbaycan xalqı da, o vaxtkı AXC-Müsavat cütlüyünün rəhbərliyi də Naxçıvanda Ali Sovetin sədri olan Heydər Əliyevi bir ağsaqqal, Azərbaycanda hörmət və nüfuza malik şəxs və təcrübəli siyasətçi kimi Bakıya dəvət etdilər. Bundan sonra AXC-Müsavat hakimiyyətinin rəhbərliyi vəzifələrini dondurdular, Elçibəy Kələkiyə getdi, prezidentin səlahiyyətləri ulu öndərə qaldı. Oktyabr ayında isə seçki keçirildi və Heydər Əliyev 99 faiz səslə prezident seçildi. YAP hakimiyyətə gələndə məqsədimiz və məramımız o idi ki, qüdrətli ordumuz, güclü dövlətimiz olsun. Bu gündən o dövrə baxanda görürük ki, arzuların bir çoxuna nail ola bilmişik.

– Amma dövlət müstəqilliyinə qarşı təhdidlər dayanmayıb, dövlət quruculuğu prosesi başa çatmayıb, torpaqlarımız da hələ işğal altındadır…

– YAP hakimiyyətə gələn kimi quruculuq işlərinə başlandı, o cümlədən bu gün 102 yaşını qeyd etdiyimiz qüdrətli ordumuzu formalaşdırdıq. 1994-cü ildə Horadiz əməliyyatını keçirməklə Horadiz şəhəri də daxil, ərazilərimizin bir hissəsini işğaldan azad etdik. Rusiya rəhbərliyinin xahişi, Ermənistan hökumətinin yalvarışları nəticəsində may ayında sülh sazişi imzalandı. Bundan sonra dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmağa başladı, xüsusilə 1994-cü ilin mart və və 1995-ci il oktyabr çevrilişlərinin qarşısı alındıqdan sonra bütün sahələrdə sürətli inkişaf başladı. 2016-cı il aprel döyüşləri isə göstərdi ki, gec-tez Azərbaycan ordusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından xilas edəcək. Cənab prezident dəfələrlə vurğulayıb ki, hətta Zəngəzur və İrəvan əraziləri əzəli-əbədi Azərbaycan torpaqları olub və vaxt gələcək, biz bu torpaqların da sahibliyini özümüzə qaytaracağıq. Mən inanıram ki, biz buna nail olacağıq.

– Vaxtilə prezident Əbülfəz Elçibəy də buna oxşar bəyanatlar səsləndirmişdi. Amma o vaxt onu tənqid edirdilər ki, ölkələrarası düşmənçiliyi dərinləşdirir. Xüsusilə Bütöv Azərbaycan məsələsində…

– Elçibəyin o vaxt Zəngəzur və Göyçə ilə bağlı dedikləri də, Cənubi Azərbaycan arzuları da boş bəyanatlar idi. Onların qurduğu hökumət heç bir il hakimiyyətdə qala bilmədi, çünki vəzifədəki adamlar təcrübəsiz idilər. Çox çəkmədi ki, Elçibəy hökuməti Surət Hüseynovun qarşısında tab gətirə bilmədi, yüksək vəzifə tutmuş adamların hamısı qaçıb dağılışdılar. O vaxt baş prokuroru, daxili işlər nazirinin müavinini, Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavinini və digər yüksək vəzifəli şəxsləri Surət Hüseynov Gəncədə girov götürdü, bəyan elədi ki, AXC-Müsavat cütlüyü hakimiyyətində olan rəhbərləri Azadlıq meydanında dar ağacından asacaq. O dövrdə hakimiyyətdaxili parçalanma vardı, Elçibəy ağıllı addım ataraq Heydər Əliyevin Bakıya dəvət olunmasını təşkil etdi. Şükürlər olsun ki, ulu öndərin hakimiyyətə gəlməsi ilə qardaş qırğınının, müstəqilliyimizin itirilməsinin qarşısı alındı, AXC-Müsavat hakimiyyətinin rəhbərliyi də dar ağacından xilas edildi.

– Elçibəy bəyan edirdi ki, Heydər Əliyevin Bakıya dəvət olunmasında məqsəd yaranmış vəziyyətdən itkisiz və ağrısız çıxmaq, xaosun qarşısını birlikdə almaq idi. Heydər Əliyevin gəlişi ilə ölkədə müəyyən dərəcədə sabitlik yarandı, iqtisadi durğunluq tədricən aradan qalxdı, neft gəlirləri hesabına dirçəliş başladı və bu tendensiya 2014-cü ilədək davam davam etdi. Lakin sonradan proses dayandı, iqtisadi geriləmələr sosial narazılıqlarla müşayiət olunmağa başladı və indi baş verənlər 1990-cı illəri xatırladır. Sanki Azərbaycan cəmiyyəti 27-28 il əvvəlki dövrə qayıdır. O dövrdə baş verənlərə yaxından bələd olan şəxs olaraq bunları görürsünüzmü? Sizcə, nə baş verir?

– Bu gün Azərbaycan cəmiyyətində baş verənləri heç bir halda 1992-1993-cü illərdəki hadisələrlə müqayisə etmək doğru deyil. Son iki ildə ölkədə ciddi kadr islahatları aparılır, öz şəxsi mənafelərini güdən rüşvətxor məmurlar işdən azad edilir, bəziləri həbs olunur. Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatlarla bəzi korrupsionerlər cinayət başında yaxalanıb. Son aylar isə koronavirus pandemiyası ilə yaranmış şərait həm sosial gərginliyə səbəb olur, həm də ölkə iqtisadiyyatına böyük zərbə vurur və təbii ki, bunlar cəmiyyətdə müəyyən narahatlıqlara rəvac verir. Amma islahatlar hələ başa çatmayıb, proses mütləq davam edəcək, yarıtmaz məmurlar vəzifədən uzaqlaşdırılacaq, cinayət törədən kadrlar həbs olunacaq. Yəni, dövlətin iqtisadi qüdrətinin artırılması, siyasi cəhətdən daha da güclənməsi üçün lazım olan addımlar atılır.

– Məsələ burasındadır ki, dövləti və hökuməti nüfuzdan salan, ictimaiyyətdə narazılıq yaradanlar korrupsiya cinayətləri ilə gündəmdə olan məmurlardır. Onların hamısı YAP üzvləridir. Hakim partiya kadr məsələlərində necə hərəkət etməlidir ki, belə hadisələr baş verməsin?

– Bəli, dövləti də, hökuməti də gözdən-nüfuzdan salan bəzi məmurlar var. Bu, utancverici haldır. Partiyanın yaradıcılarından biri və vaxtilə millət vəkili, məmur olduğum üçün bu, məni də narahat edir. Son beş-altı ayda bütün bunlara öz münasibətimi dəfələrlə bildirmişəm. Artıq bir çox sahələrdə – Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə islahatlar aparılıb. Mən dəfələrlə vurğulamışam ki, bu islahatlar Yeni Azərbaycan Partiyasında da getməlidir. Çünki YAP-da da köhnə təfəkkürlü adamlar var. Son hadisələr zamanı partiya üzvlərinin korrupsiya cinayətlərinə görə həbs edilməsi də onu deməyə əsas verir ki, YAP-ın İdarə Heyətində, İcra Katibliyində, Siyasi Şurasında, rayon şöbələrində islahatlar aparılmalıdır. İnanıram ki, yaxın zamanlarda bu istiqamətdə ciddi addımlar atılacaq. Bunun üçün Nizamnamə və Proqramımızda da göstərildiyi kimi, rayon təşkilatlarımızda konfranslar, sonra qurultay keçirilməlidir.

– Bu məsələlərlə bağlı YAP rəhbərliyi ilə görüşünüz, hansısa bir məsləhətləşələşməriniz olubmu?

– Xeyr. Çünki son 3-4 ayda koronavirus pandemiyası ilə bağlı elə bir imkanımız olmayıb. YAP-ın Siyasi Şurasının axırıncı tədbiri bu il yanvarın 16-da keçirilib və onda da 20 Yanvar faciəsinin ildönümü qeyd olunub. Fevral ayında Xocalı soyqırımı ilə bağlı tədbirimiz təşkil edilmişdi. Mart ayından isə pandemiya başladı və bundan sonra YAP rəhbərliyi onlayn qaydada iclaslar, tədbirlər keçirib.

– Bunu ona görə soruşdum ki, indiyədək islahatlara Ramiz Mehtiyevin mane olduğu, korrupsiyanın başında onun dayandığı deyilirdi. Ramiz Mehtiyev artıq Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad olunub, Elmlər Akademiyasının rəhbəri kimi fəaliyyət göstərir. Amma indi hətta millət vəkilləri səviyyəsində Ramiz Mehtiyevin əleyhinə təbliğat aparılır və yenə də onu korrupsioner məmurları himayə etməkdə ittiham edirlər…

– Əvvəla, korrupsiya hər bir dövrdə olub. Cənab prezident də dəfələrlə vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə aparılmalı, hər bir korrupsioner bu əməllərinə görə cəzalandırılmalıdır. Əslində təkcə prezident deyil, hər bir məmur, hətta vətəndaşlar korrupsiyanın əleyhinə olmalıdır. Təbii ki, korrupsiya ilə məşğul olanlar yüksək vəzifə tutanlardır, dövlətin büdcəsinə, büdcədən ayrılan vəsaitə göz dikən məmurlardır və onlar da mütəmadi olaraq cəzalarını alır. O ki qaldı korrupsiyanın başında Ramiz Mehtiyevin dayanmasına, mən o fikirlə razı deyiləm. Əgər korrupsionerlər, rüşvətxorlar cinayət başında yaxalanırsa, bu məsələdə kimlərisə suçlamaq, tənqid etmək yaramazlıqdır. Axı, Ramiz Mehtiyev vəzifədə olanda o adamlar belə danışmırdılar, indi niyə onun arxasınca danışırlar?! Vəzifədən gedən adamın arxasınca danışıb baltalamağı, vəzifəyə gələni isə tərifləyib yaltaqlanmağı qəbul etmirəm, mən bu xarakterdə insan deyiləm. Heç vaxt da vəzifədən gedənin dalınca danışmamışam, təzə vəzifəyə gələni tərifləməmişəm. Əgər şəxsən tanıdığım adam vəzifəyə gəlirsə, onu alqışlayıb tərifləyə bilərəm, burada qəbahət yoxdur. Amma görürəm ki, kimlərsə tanımadığı, ömrü boyu görüşmədiyi insan haqqında məddahlıq eləyir, mətbuatda, televiziyada, sosial şəbəkələrdə yaltaqlanır. Mən belə şeylərin əleyhinəyəm. Ümumiyyətlə, tənqidi də, tərifi də haqlı olaraq bildirmək, faktlara söykənərək demək lazımdır. Ramiz Mehtiyevin guya siyasi və iqtisadi islahatlara, kadr dəyişikliklərinə mane olan şəxs kimi təqdim edilməsinin heç bir əsası yoxdur. İslahatların sonuncu mərhələsi zamanı prezident Ramiz Mehtiyevin özünü də qəbul edərək onu vəzifədən azad edib, Elmlər Akademiyasına göndərdi. Yəni, Ramiz Mehtiyevin dövründə də kadr islahatları olub, bu dəyişikliklər indi də aparılır. Bəli, bu gün vəzifədə olan bəzi adamlar var ki, kadr islahatlarının, korrupsiyaya qarşı mübarizə tədbirlərinin əleyhinədir. Çünki artıq sular durulur, islahatların əleyhinə olanlar, bulanıq suda balıq tutmaq istəyənlər köhnə xülyalarla yaşayıb, “bəlkə də qaytardılar” düşüncəsi ilə pusquda duranlardır ki, onlar yenə aranın qarşmasında maraqlıdırlar. Amma mən inanıram ki, cənab prezidentin çox sadiq komandası var və onun qarşısını heç kəs ala bilməz. Mən YAP-ın yaradıcılarından biri və Siyasi Şurasının üzvü kimi prezidentin istər kadr islahatlarını, istərsə də korrupsiyaya qarşı mübarizədə atdığı addımları dəstəkləmişəm və yenə də dəstəkləyəcəyəm.

– Bu yaxınlarda keçmiş səhiyyə naziri Əli İnsanov da vəzifədən uzaqlaşdırılan YAP-çılara çağırış edib ki, gəlin, birlikdə fəaliyyət göstərək. Yəni, uzun illər hökumətdə yüksək vəzifə tutmuş, hakimiyyətdə böyük nüfuz qazanmış, YAP-ın qurucuları ilə birlikdə çiyin-çiyinə işləmiş bəzi şəxslər bu gün vəzifədən kənardadır və özlərini hakimiyyətə yeni rəqib kimi göstərmək istəyirlər. Sizcə, bu nədir, nəyin əlamətidir?

– Düzü, Əli İnsanovun çıxışına qulaq asmamışam, onun fikirləri ilə tanış deyiləm. Amma YAP 750 min nəfərdən çox üzvü olan möhtəşəm bir partiyadır, orada intellektual səviyyəsi yüksək olan sədaqətli insanlar var. Bu partiya 27 ildir ki, hakimiyyətdədir. YAP-da təmsil olunmaqla 10 il, 15 il, 18 il və daha artıq müddətdə yüksək dövlət vəzifəsi tutmuş insanların partiyadan uzaqlaşdırılması o demək deyil ki, kimsə “YAP cürüməkdə olan partiyadır, özümüzün siyasi komandamızı formalaşdırmalıyıq” kimi fərziyyələr irəli sürsün. Mən belə şeyləri qətiyyən qəbul etmirəm. Bir daha deyirəm, mən Əli İnsanovun söylədiyi fikirlərlə tanış olmadığım üçün buna münasibət bildirməkdə çətinlik çəkirəm. Amma əminən ki, YAP dünənin, bu günün və sabahın partiyasıdır və XXI əsrdə hakimiyyətdə qalacaq. Mən 10 ildir işsizəm, amma əqidəmi və mövqeyimi heç vaxt dəyişməmişəm, dəyişmərəm də.

– “YAP XXI əsrdə hakimiyyətdə qalacaq” deməklə çox nikbin görünürsünüz…

– YAP iştirak etdiyi prezident, parlament və bələdiyyə seçkilərinin hamısında qalib gəlib, inanıram ki, növbəti seçkilər keçirilsə, yenə də qalıb olacaq. Bir daha deyirəm ki, hakimiyyətə gəlməyin bir yolu var: demokratik seçki. YAP-ın gücü və potensialı imkan verir ki, ki, demokratik yolla keçirilən istənilən seçkidə qalib gəlsin. Amma bir daha vurğulayıram ki, YAP-da islahatlara ehtiyac var və bu dəyişikliklərin mütləq həyata keçiriləcəyinə inanıram.

– Siz hansı islahatları nəzərdə tutursunuz?

– YAP-ın rəhbər orqanlarında, yəni, İdarə Heyətində, Siyasi Şurada, İcra Katibliyində və rayon təşkilatlarında islahatlar aparılmalıdır. Bunun üçün isə qurultay çağırılmalıdır.

– Fərz edək ki, YAP-dakı səlahiyyətli şəxslər bu müsahibəni oxuyandan sonra “buyurun, gəlin, təkliflərinizi verin” deyə sizi partiyanın mərkəzi ofisinə çağırdılar. İslahat təkliflərinizi nə ilə əsaslandıracaqsınız?

– İslahatların vacibliyini, qurultayın keçirilməsini onunla əsaslandırıram ki, son korrupsiya cinayətləri zamanı bəzi rayonlarda YAP-ın sədrləri həbs edilib, rayon təşkilatının sədr müavini, YAP-ın üzvü olan icra başçıları, vəzifəli şəxslər cinayət başında yaxalanıb. Eyni zamanda, YAP-ın Nizamnaməsində və Proqramında da göstərilir ki, hər hansı mühüm dəyişikliyə zərurət yarandıqda partiyanın qurultayı çağırılır və qurultayda təşkilati məsələlərə baxılır. Yəni rəhbər orqanlarda dəyişiklik edilməsi üçün mütləq qurultaya ehtiyac var.

– Bu, sizin şəxsi fikrinizdir, yoxsa partiyadaşlarınızla birgə müzakirələrdən doğan nəticədir?

– Xeyr, şəxsi fikrimdir və bu fikrimin də üstündə dururam ki, Yeni Azərbaycan Partiyasında islahatlara ehtiyac var. Nazirlər Kabinetində islahatlar aparılarkən cənab prezident yeni baş nazir təyin edəndə mətbuata müsahibəmdə demişdim ki, təkcə Nazirlər Kabineti deyil, Prezident Administrasiyasında, Milli Məclisdə və Yeni Azərbaycan Partiyasında islahatlar aparılmalıdır. Çünki YAP bu gün hakimiyyətdədir və əgər bütün sahələrdə islahatlar gedirsə, hakimiyyət başında olan partiyanın özündə də islahatlar aparılmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR