Azərbaycanda 1 milyon yığan bələdiyyələr də var: - Ancaq sosial layihələr yoxdur

22-09-2020, 15:15 117 dəfə baxılıb

Gürcüstanda Bolnisi bələdiyyəsi başqa yerli idarəetmə orqanlarının da nümunə götürə biləcəyi bir addıma imza atıb.

Belə ki, bələdiyyə öz gəliri hesabına aztəminatlı ailənin övladları olan tələbələrin illik təhsil haqqlarını öz üzərinə götürüb. Bələdiyyənin sosial şəbəkə hesabında bu barədə elan verilib və bölgədə dövlət tərəfindən akkreditə olunmuş ali təhsil müəssisəsində təhsil alan tələbələri maliyyələşdirmək üçün sənəd qəbuluna başlayıb.

Hansı kateqoriyalar üzrə tələbələrə kömək göstəriləcəyi və həmin tələbələrin təqdim etməli olduqları sənədlərin siyahısı da qurumun sosial şəbəkə hesabında yer alıb. Hətta onların kənddən paytaxt Tiflisə avtobusla gediş-gəlişlərinə maddi dəstək veriləcəyi də bildirilir.

Qeyd edək ki, məhz öz üzərinə götürdüyü sosial vədləri yerinə yetirdikləri üçün Gürcüstanda bələdiyyələrinin böyük nüfuza sahib olduğu bildirilir. Azərbaycan isə iqtisadi cəhətdən qonşu ölkədən daha böyük nailiyyətlər əldə etmiş bir ölkə olsa da, burda bələdiyyə institutunun formalaşmasına maneələr var. Yerli idarəetmə orqanlarının ölkədə nüfuzu o qədər də böyük deyil.

Azərbaycan bələdiyyələrinin bu kimi təşəbbüsləri ilə bağlı niyə məlumatlar yoxdur? Problem maliyyə məsələsidirsə, onda Gürcüstan bələdiyyələri bu maliyyəni hardan əldə edirlər?

Millət vəkili Tahir Rzayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Bolnisi bələdiyyəsinin atdığı addım nümunəvi təşəbbüsdür:

“Doğrudur, Azərbaycan bələdiyyələrinin də təcrübəsində aztəminatlı ailələrə yardım etmək var. Tələbələrə də müəyyən qədər yardım edən bələdiyyələr var. Bunun şahidi də olmuşam. Özüm də deputat olaraq hansısa ərazidə yaşayan aztəminatlı şəxsə kömək göstərilməsi ilə bağlı müəyyən bələdiyyələrə müraciət etmişəm. Amma bu işin kütləvi hal almasını arzulayardım. Azərbaycanda 1607 bələdiyyə var və hər bir ərazidə aztəminatlı tələbələrin sayı o qədər də çox olmaz. Hesab edirəm ki, hər bir bələdiyyə bir aztəminatlı ailənin övladına kömək etmiş olsa, bu ümumilikdə böyük bir kömək olar”.

Millət vəkili deyir ki, Azərbaycanda bəzi bələdiyyələrin maliyyə imkanları zəif olsa da, maliyyə imkanları yüksək olan bələdiyyələrin sayı daha çoxdur:

“Onlar müxtəlif vergiləri, ödənişləri toplayırlar, torpaqları icarəyə verirlər. Bəzi şəhər bələdiyyələri 400-500 min manat, bəzən isə 1 milyon manata yaxın vəsait toplaya bilir. 5-10 tələbənin təhsil haqqını ödəmək elə də böyük vəsait etmir. Bunun üçün can yanğısı və təşəbbüs lazımdır. Bolnisi bələdiyyəsinin təşəbbüsünü alqışlayıram və hesab edirəm ki, bizim bələdiyyələr də buna qoşulmalıdırlar”.

Tahir Rzayev millət vəkillərinin də buna bənzər təşəbbüslərinin olduğu və aztəminatlı ailələrə dayaq durmağa çalışdıqlarını deyib:

"Bir vətəndaş olaraq, biz deputatlar da aztəminatlı ailələrə, o cümlədən də onların tələbə övladlarına yardım edirik. Onların təhsil haqlarını da ödəyirik və bunu özümüzə vətəndaşlıq borcu bilirik. Xüsusulə Qarabağ veteranlarına yardım etmək son zamanlar parlamentdə ənənəyə çevirilib. “Sağ əlin verdiyini sol əl bilməz” – deyə bunu dilə gətirmək istəmirik. İş adamlarına da bununla bağlı müraciət edirik. Həmkarlar Konfedrasiyasının rəhbəri Səttar Mehbalıyev də pandemiya dövründə minlərlə vətəndaşa yardım edib”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR