Siyasi monopoliyanın sonu gəlir - Siyasəti “döyüş meydanına" çevirənlərin xisləti isə dəyişmir

9-09-2020, 16:10 218 dəfə baxılıb

Azərbaycan Prezidentinin yeni qeydiyyatdan keçən partiyalara təbrik mesajı müxalif cameədə müzakirə yaradıb. Bəzi radikal müxalif qüvvələr yeni siyasi qüvvələrin legitimlik qazanmasını qəbul etmək istəmir. Çünki siyasi qısqanclıq, daxili çəkişmə müxalifət düşərgəsində 26 ildir siyasi monopololiya yaradanların mübarizə üsuluna çevrilib. Fərq ondan ibarətdir ki, vaxtilə bir-birinə qarşı döyüşən köhnələrin siyasi meydanda sağ qalanları indi tükənməkdə olan son gücünü yenilərin “vurulmasına” yönəldir.

Səbəb isə çox sadədir. Yeni siyasi qüvvələrinin formalaşması həmin radikal müxalif qüvvənin sıradan çıxması ilə nəticələnəcək. "Köhnə qvardiya"ya söykənən həmin radikallar öz mövcudluğunu saxlamaq üçün başqa vasitələr tapa bilmədiyindən xilas yolunu yeni siyasi nəslə hücumda görürlər.

1994-cü ildən bəri xalq arasında müxalifətə inamsızlıq yaradan başlıca səbəb də elə daxili siyasi çəkişmələr olub. Bir-birini satqınlıqda ittiham etmək, "əsl müxalifət mənəm" iddiası əks-iqtidar platformasında dayananların əsas tezisini təşkil edib. Bu isə müxalifətin fəaliyyətində hər seçkidən seçkiyə artan siyasi ətalət yaradıb. Həmin radikalların mirasına çevrilmiş daxili qarşıdurma hakimiyyətin siyasi mövqelərinin möhkəmlənməsini təmin edən amilə çevrilib. İddialı partiya rəhbərlərinin bütün resurslarını müxalifətin sosial bazasının parçalanmasına yönəltməsi yalnız iqtidarın nüfuzunun artmasına gətirib çıxarıb. İndi o düşüncə sahibləri bu "siyasi texnologiya"nı yenilərə tətbiq etməyə çalışır. Çünki yeni partiyaların qeydiyyatdan keçməsi yaxın perspektivdə Azərbaycan müxalifətinin fəaliyyətində diskurs yarada bilər. Proseslərə yanaşma tərzinin dəyişməsi, iç çəkişmələrə son qoyulması ictimai rəydə bu partiyalara inamı artıra bilər. Əgər bu, siyasi plüralizmin inkişafına xidmət edirsə, o halda, özünü demokrat adlandıran və ya demokratiya uğrunda dinc mübarizə apardığını bəyan edənlərin aqressivlik nümayiş etdirməsi başa düşülən deyil. Əlbəttə, hakimiyyət uğrunda mübarizədə, seçkilərdə, siyasi hadisələrə münasibətdə taktika fərqli ola bilər. Amma demokratik prinsiplər, yəni strategiya dəyişilməz qalır. Azərbaycanda yeni partiyaların qeydiyyatdan keçməsi uzun müddətdir müxalifət düşərgəsində müşahidə olunan "siyasi tıxac"ın aradan qalxmasına xidmət edir. Ona görə də bu prosesdən qorxuya düşmək yox, ona normal baxmaq lazımdır. "Köhnələr"in istər taktikası, istər strategiyası Azərbaycanda siyasi qütbləşmə yaratmaqdan ibarətdir.

Bu siyasət isə həm hakimiyyətdəki "köhnələr"in, həm də müxalifdə olan onlara bağlı qüvvələrin digər siyasi mərkəzlərə qarşı hücum və aşağılmaq taktikaları ilə özünü göstərib. Beləliklə, bu qüvvələrin planı işləyib və ölkədə siyasi düşmənçilik ənənələri formalaşdırıblar. Qeyd edilən səbəbdən, hazırda hər hansı partiyanın qanunvericiliyə uyğun qaydada qeydiyyatdan keçməsinə görə dövlət başçısı tərəfindən təbrik edilməsi siyasəti döyüş meydanı hesab edənlərə təəccüblü görünür. Çünki qeydiyyata alınmış müxalifət partiyalarının Prezident tərəfindən təbrik edilməsi əslində siyasi mədəniyyətin yüksək nümunəsidir. Bu mesaj həmin mədəniyyəti Azərbaycan siyasi mühitinə gətirməyin vaxtının çoxdan çatdığını xəbər verir. Əgər məqsəd hamıda eynidirsə, bu, sivil mübarizə taktikasıdırsa, bele jestler müsbət qiymətləndirilməlidir. Lakin görünür, bəzilərinə bu hələ də sərf etmir.

Digər paradoks ondan ibarətdir ki, həmin qüvvələr özlərinin təmsil etdiyi siyasi partiyanın dövlət qeydiyyatına alınmasını ədalət prinsipi hesab edənlər başqasının bu uğuruna mənfi don geyindirməyə çalışırlar. Azərbaycan təcrübəsində siyasi mübarizə bir qayda olaraq, mühafizəkar qüvvələrin qarşı radikal mübarizə üsullarından ibarət formalaşıb. Yeni partiyaların qeydiyyatı ilə baş verən olaylar isə müxalifətin həm öz daxilində, siyasi mühitdə, həm də iqtidarla mübarizəsində, eləcə də iqtidara münasibətində yeni mərhələnin başlandığını deməyə əsas verir. Bu proses ziddiyyətlər və təhqir müstəvisindən dialoq platformasına keçidi özündə ehtiva edir və Azərbaycan üçün uğurlu olacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR