Hakimiyyət üçün KTMT sualları - Ermənistan ərazi bütövlüyümüzü tanıdımı?..

9-07-2021, 13:56 99 dəfə baxılıb

Rusiya Dövlət Dumasının Avrasiya inteqrasiyası məsələləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib ki, Azərbaycan və Pakistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər. Azərbaycan hakimiyyəti belə bir müraciət etmək üçün səlahiyyətlidirmi?

Bu müraciət zamanı (əgər olubsa) )Azərbaycan hökuməti bəzi beynəlxalq öhdəliklərini və milli maraqlar tarazlığını pozub. Məsələ formal da olsa, parlamentdə müzakirə olunmayıb, ictimaiyyətə açıqlanmayıb. Üstəlik, Kalaşnikovun açıqlamasını "prezident İlham Əliyev Xankəndi barədə mühüm fərman verdi” xəbərinə lirik ricət kimi başa düşmək də olar. Yəni onsuz da Xankəndi də bizimdir. Əslində isə baş prokurorumuz Xocalı qatillərini necə tutubsa, Xankəndi də o cür bizimdir – kağız üzərində.

KTMT-də kimlər var?

Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan təşkil olunmuş blokda vaxtilə müxtəlif dönəmlərdə Belarus və Özbəkistan da olub. Bu ölkələr ən müxtəlif səbəblərdən sonradan bloku tərk ediblər. Azərbaycan isə 1994-cü ildə bu təşəbbüsə imza atsa da, sonradan blokda iştirak etməyib. Bunun əsas səbəblərindən biri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi idi. Azərbaycan öz ərazilərini işğal edən ölkə ilə bir ittifaqda ola bilməyəcəyini əsas gətirirdi. Blokun yaranmasından bəri demək olar ki, cəlb olunma ehtimalı olan yeganə hərbi münaqişə Ermənistanla Azərbaycan arasındakı ərazi münaqişəsi idi. Erməni işğalına Azərbaycanın mümkün reaksiyası və Rusiyanın ehtimal olunan müdaxiləsi daima müzakirə mövzusu olub. Məsələ burasındadır ki, Rusiya təkcə KTMT çərçivəsində deyil, ikitərəfli olaraq da Ermənistanla iki mühüm hərbi sazişə imza atıb. Onlardan birincisi uzunmüddətli (50 illik) hərbi-strateji əməkdaşlıq, digəri isə "Birgə qoşun komanda-qərargah məntəqəsi” yaratmaq haqqında sazişdir. Yəni KTMT istənilən halda Rusiyanın Ermənistana dəstəyi fonunda "beynəlxalq koalisiya” görüntüsü üçündür. Qalan məsələlər onsuz da bu iki dövlət arasında həll edilib.

İndi arqument nə ola bilər?

Azərbaycan hakimiyyəti 44 günlük müharibənin nəticəsi olan 10 noyabr atəşkəs haqqında sazişdən sonra bəyan etməkdədir ki, müharibə bitib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Buna görə də KTMT-də iştirak etmək üçün hər hansı maneə yoxdur. Baxmayaraq ki, dövlət başçısı işğaldan azad olunmuş ərazilərin bəzi hissələrində belə sərbəst hərəkət imkanına malik deyil, o, ABŞ prezidentinə yazdığı məktubun iki yerində "ərazi bütövlüyümüz təmin edildi” cümləsindən istifadə edib. Bəs, Xankəndi, Xocavənd, Ağdərə, Xocalı, Əsgəran? Orada bizim suverenliyimiz təmin edilibmi? Və ya biz Laçından keçərkən niyə rus hərbçilərindən izn almalıyıq? Bu suallar durarkən Azərbaycanın KTMT-yə hansı statusla olursa olsun, qoşulması məntiqsizlikdən başqa həm də qorxaqlıq kimi görünə bilər.

Daha ciddi məsələ

Yuxarıda sadalananlardan daha ciddi məsələ odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tanımır və hələ ki sülh müqaviləsi imzalamaq da istəmir. Azərbaycanın "sülh müqaviləsi” dediyi sənəd imzalansa, orada Ermənistan indi "sülhməramlılar”ın olduğu bütün əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyacaqmı? Bəs, indi İlham Əliyev və ölkənin diplomatik idarəsi nə düşünür? Biz hələ bizi dövlət kimi tanımayan Ermənistanla bir blokda – KTMT-də olacağıq?

Yoxsa, başqa bir məsələ var?

Bəlkə Ermənistan KTMT-dən bir fayda gəlmədiyini görüb, oradan uzaqlaşmaq istəyir? Bu indiki halda elə də real görünməsə də, xalqdan iki dəfə səs almış, AB ilə inteqrasiya sazişləri imzalamış və Putin tərəfindən dəfələrlə devrilmək istənilən Paşinyan üçün gələcəyə dair plan ola bilər. Azərbaycan da görünür ki, məhz indi məşvərətçi olmaq istəməklə həmin "X günü”nə hazırlaşır.

Bəs, biz sammitə hazırlaşırdıq?

Kalaşnikovun məlum açıqlaması Azərbaycanın bu ilin noyabr ayında AB-nin "Şərq Tərəfdaşlığı” sammitində Strateji Tərəfdaşlıq haqqında sazişə qol çəkəcəyi müzakirələrinin başlaması dövrünə düşdü. Deməli, burada bir əks həmlə və şantaj var. Əks həmlə AB-yə və onun yaratdığı tendensiyayadır. Bütövlükdə Qərbin burada aktivləşməsinə qarşıdır. Şantaj isə Azərbaycan hökumətinədir. Kreml demək istəyir ki, bizə söz verb, başqa yerə üz tuta bilməzsən. Bakı isə bu ifşadan öz məqsədləri üçün istifadə edə bilər. Rusiyanın təzyiqi altında olduğunu və ona vəziyyəti neytrallaşdırmaq üçün vaxt lazım olduğunu demək Qərbi inandırmasa da, Azərbaycan hökuməti üçün elə də çətin olmayacaq.

Nəhayət, başqa bir öhdəlik

Axı Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. O zaman necə olacaq? Başqa bir ittifaqa qoşulmaq əvvəlki öhdəliyi pozmayacaq ki?..
Müəllif: Seymur Həzi //PRESSKLUB.AZ//


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR