İmkanlardan səmərəli istifadə üçün fürsət

16-10-2023, 11:14 40 dəfə baxılıb

İmkanlardan səmərəli istifadə üçün fürsət


1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı. Təşkilatın genişlənməsini rəsmiləşdirən həmin gün qurumun təqvimində “İƏT günü” kimi qeyd olunur.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermişdir. Təşkilatın uğurlu fəaliyyəti, əlbəttə ki, bütün üzv ölkələrin marağındadır. Çünki üzv dövlətləri həm ortaq tarix, həm də iqtisadi və siyasi maraqlar birləşdirir. Dövlətimiz İƏT üzvü olaraq bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır.
2021-ci il 28 noyabrda Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: “İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm”.
İƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının bu günlərdə Şuşa şəhərində keçirilməsi qürurverici bir hadisədir. Prezident İlham Əliyev cari İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanladığı məktubda qeyd etmişdir ki. “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır. Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm.”
Ölkəmizin başçısı məktubunda Azərbaycanın regionda apardığı siyasətin sülh və barışa yönəldiyini, işğaldan sonra aparılan bərpa-quruculuq işlərindən söz açaraq qeyd etmişdir: “2020-ci ildə əzəli torpaqlarımız Ermənistanın işğalından azad edildikdən dərhal sonra burada irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılmışdı. Qısa zaman kəsiyində bu ərazilərdə vacib infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü hava limanı isə hazırda Laçında inşa edilir. Füzuli şəhərində artıq inşası başa çatmış məktəbə və tikilməkdə olan yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistana və Qazaxıstana təşəkkür edirəm. Biz bunu ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin və dostluğun növbəti bariz təzahürü kimi qiymətləndiririk.”
Ölkəmizin başçısı məktubunda hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yarandığını qeyd edərək Azərbaycanın təklif etdiyi 3+3 formatına sadiqliyini diqqətə çatdırmışdır.
“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti 3 ildə 100 minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır”-deyə qeyd edən ölkə başçısı hazırda bu prosesin davam etdiyini bildirmişdir.
Azərbaycanın logisitak imkanlarının bütün İƏT üçün açıq olduğunu qeyd edən cənab İlham Əliyev bildirmişdir: “Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”
Müraciətdə, həmçinin, ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR