Türkiyənin İsraillə gizli danışığı təsdiqləndi

26-06-2015, 12:48 786 dəfə baxılıb

Türkiyənin İsraillə gizli danışığı təsdiqləndi













Ankara-Təl-Əviv münasibətlərinin normallaşmasını vacib edən səbəblər sırasında Azərbaycan amili də var; “üçlü ittifaq”a indi heç vaxt olmadığı qədər zərurət yaranıb…

Türkiyə və İsrail arasında əlaqələrin normallaşdırılması üçün görüşlər başlayıb


Bu açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. Onun sözlərinə görə, İsraillə Türkiyənin görüşlərində yeni heç nə yoxdur.

Nazir tərəflər arasında münasibətlərin qaydaya salınması üçün görüşlərin intensivləşməsinin vacibliyini də bildirib. Qeyd edək ki, bir neçə gün öncə İsrailin “Haretz” qəzeti Türkiyə və İsrail diplomatlarının gizli şəkildə Romada görüşdüyü haqqında informasiya yaymışdı. Xəbərdə deyilirdi ki, iyunun 22-də Romada israilli və türkiyəli diplomatların iki ölkə arasında münaqişənin aradan qaldırılması cəhdlərinə həsr olunmuş məxfi görüşü keçirilib. Söhbət bir ildən çox müddətdən sonra ilk belə görüşdən gedir.
“İsrail XİN-in baş direktoru, baş nazir Binyamin Netaniyaqunun etibarlı şəxslərindən biri olan Dori Qold Romaya gedib, Türkiyəni isə ”İsrail məsələsinin kuratoru”, xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu təmsil edib” – qəzet yazmışdı.
Yada salaq ki, Türkiyə-İsrail münasibətləri 2010-cu ildə Türkiyənin “Mavi Marmara” gəmisinin Qəzza bölgəsində dəniz blokadasını yarmağa çalışmasından sonra kəskin münaqişə formasına keçib. Gəmi ələ keçirilərkən İsrail xüsusi təyinatlıları 9 Türkiyə vətəndaşını öldürüb. Gəminin daha 30 sərnişini və 10 İsrail hərbiçisi yaralanıb.
2013-cü ildə İsrail Amerika rəhbərliyinin israrı ilə bu hadisəyə görə üzr istəyib. Amma Türkiyə tərəfi həlak olanların ailələrinə təzminat ödənilməsində israr edir. İndiyədək İsrail müəyyən “aralıq” varianta: həlak olan türklərin qohumlarına maliyyə dəstəyi üçün humanitar fond yaradılmasına razılıq ifadə edirdi. İsrail həmçinin “Mavi Marmara” gəmisindəki hadisəyə görə İsrail vətəndaşlarının məhkəmə təqibinə xitam verilməsinə çalışırdı.
* * *
Bütün hallarda bölgənin iki nüfuzlu dövləti arasında münasibətlərin normal məcraya salınması yönündə fəal təmaslara keçilməsi şübhəsiz ki, müsbət gəlişmə kimi qiymətləndirilməlidir. Çünki İsrail-Türkiyə əlaqələrinin əvvəlki məcraya qayıdışı təkcə bu iki dövlətin deyil, onlarla strateji münasibətlərdə olan Azərbaycanın da maraqlarına uyğundur və eyni zamanda bölgədə baş qaldıran yeni hədələrə qarşı güclü immunitetin yaranması baxımından önəmlidir. Dağlıq Qarabağ probleminin ədalətli həlli, Ermənistanın Türkiyəyə qarşı uydurma soyqırım, torpaq və təzminat iddialarının daha effektli önlənməsi imperativi əlaqələri normallaşdırmağın başqa bir vacib əhəmiyyəti kimi vurğulana bilər.
Yeri gəlmişkən, ötən 5 ildə Ankara-Təl-Əviv soyuqluğundan ən çox Ermənistan və erməni lobbisi yararlanmağa çalışıb. Lakin İsrail özünü “soyqırım” oyununda yandırmadı, Türkiyə ilə isti münasibətlərin olmamasına rəğmən, saxta genosidin 100 illik törəninə İrəvana aşağı çinli bir nümayəndə heyəti göndərdi. Ardınca ozamankı xarici işlər naziri Avidqor Liberman, necə deyərlər, nöqtəni qoydu: nazir açıq mətnlə bəyan elədi ki, tarixdə “erməni genosidi” deyilən bir şey olmayıb.
Rusiya prezidenti Vladimir Putinin İrəvan səfəri fonunda bu açıqlama və gedişlər əlbəttə ki, Təl-Əvivin Ankaraya ünvanlı çox ciddi jesti, reveransı idi və qardaş ölkə bunu dəyərləndirməyə bilməz. Sözsüz ki, İsrailin Türkiyəyə yaxınlaşmasını zəruri edən səbəblər sırasında Azərbaycan amili, daha doğrusu, Bakı-Təl-Əviv əlaqələrinin kifayət qədər yüksək olması reallığı da var. Bu yerdə xatırladaq ki, İsrail Bakı-Ceyhan neftinin alıcılarındandır.
Üç ölkənin daha sıx əlaqələr qurması onların hər üçünün strateji marağındadır. Söhbət həm də İŞİD təhlükəsindən, İran və Suriya (Bəşər Əsəd) məsələlərində ortaq baxışlardan gedir. Bəllidir ki, Rusiya və İran Suriya məsələsində diametral əks mövqedədirlər. Bu yaxınlarda Moskvanın Tehrana vaxtilə vəd elədiyi S-300 zenit-raket komplekslərini verməyə başlaması da heç şübhəsiz, İsraildə məmnunluq yaratmayıb.
Bundan əlavə, İranın nüvə silahına can atması İsraillə yanaşı, Türkiyə və Azərbaycanın da köklü maraqlarına toxunur. Bura Tehranın Rusiyanın Güney Qafqazda müttəfiqi olan işğalçı Ermənistanla sıx əlaqələrinin olması faktlını da əlavə eləsək, qənaət hasil olar ki, İsrail-Türkiyə diplomatik əlaqələrinin tam həcmdə, 2010-cu ilədək olan səviyyədə bərpasını, “üçlü ittifaq”ın yaranmasını ən əvvəl məhz bölgədəki mürəkkəb geosiyasi situasiya diktə edir. Türkiyədəki son parlament seçkilərindən sonra yaranan durum bu ittifaqı xüsusilə zəruri edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR