Məmur oliqarxiyası kölgəyə çəkiləcək, yoxsa... - Gözlənti

30-10-2019, 08:04 91 dəfə baxılıb

Məmur oliqarxiyası kölgəyə çəkiləcək, yoxsa... - Gözlənti


Azərbaycanda kölgə iqtisadiyyatı və məmur himayəsinə arxalanan monopolizmə qarşı ciddi mübarizənin başlanacağı gözlənilir. Bu, prezident İlham Əliyevin 9 ayın sosial-iqtisadi yekununa həsr olunmuş hökumət müşavirəsi, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən səsləndirdiyi fikirlərdə əksini tapıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yeni artım mənbələri aşkar olunmalıdır: “Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.

Ölkə rəhbəri sahibkarlığın inkişafına mane olan problemlərdən də danışıb: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz.

Eyni zamanda haqsız rəqabət, bu da bizim üçün böyük yaradır. Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki, biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən".

Prezident bu mübarizədə İqtisadiyyat Nazirliyinin aparıcı rol oynayacağını qeyd edib. M.Cabbarovun oliqarx məmurların təzyiqləri qarşısında dayanmaq iqtidarında olduğunu bildirib: “Mən bilirəm, sizə nazir kimi, xüsusilə vergilər naziri kimi, bəziləri təzyiqlər göstərməyə çalışırdılar ki, bizim biznesimizə dəymə. Mən bilirəm ki, siz onların qarşısında çox mətanətlə çıxış etmisiniz. Mən bunu həmişə dəstəkləmişəm və sizə həmişə dəstək olmuşam. Demişəm ki, heç kimə baxmadan bütün işlər ən yüksək səviyyədə görülməlidir. Heç kim heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergini vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək.

Ona görə sizin qarşınızda çox böyük vəzifələr dayanır. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafı bizim üçün hazırda əsas prioritet məsələdir. Dediyim kimi, bu, imkan verəcək ki, biz sosial sahəyə daha böyük vəsait ayıraq".

İqtisadiyyat naziri kimi ilk dəfə danışan M.Cabbarov qarşısında duran vəzifələri qeyd edib: iqtisadi inkişafın sürətləndirilməsi, iqtisadi artım templərinin xüsusilə qeyri-neft sektorunda sürətləndirilməsi, kiçik və orta biznes üçün şəraitin daim təkmilləşdirilməsi, azad rəqabət mühitinin təmin edilməsi. M.Cabbarov qeyd edib ki, növbəti həftələr ərzində qarşıda duran əsas məsələlərdən biri “Həmin hədəflərə necə çatmaq olar?” sualına cavab tapmaq olacaq: “Başqa sözlə, İqtisadiyyat Nazirliyinin yenilənmiş iş proqramlarını, hədəflərini ortaya qoymaqdan ibarət olacaq. Biz öz işimizi müsbət bünövrə üzərində davam etdirəcəyik. Çatışmazlıqlarla mübarizə aparmaq, həmin hədəflərə nail olmağı İqtisadiyyat Nazirliyinin əsas vəzifəsi kimi görürük. Digər sahələrdə olduğu kimi, biz heç də öz işimizi sıfırdan başlamırıq. Bütün sahələrdə son illər ərzində işlər həyata keçirilibdir. Bütün nailiyyətləri qoruyaraq hansı sahələrdə çatışmazlıqlar və təkmilləşmələrə ehtiyac varsa, bunu işləyərək həyata keçirəcəyik”.

Göründüyü kimi, kölgə iqtisadiyyatı və məmur himayədarlığı həm ölkə rəhbərliyinin, həm də onun etimad göstərdiyi nazirin hədəfində olan əsas problemlər sırasındadır. Bu iki istiqamətdə sərt addımlar atılıb, monopolizmə və kölgə iqtisadiyyatına qarşı aktiv mübarizə başladılarsa, qarşı tərəfin davranışları necə ola bilər? Uzun illər boyu biznesi üçün rahat və üstün şərtlər almağa öyrəşmiş məmur-oliqarxlar, qeyri-şəffaf işləyən şirkətlər müqavimət yolu seçib müxtəlif təxribatlara əl ata bilərlərmi? Bu baş verərsə, dövlətin əlində belə təxribatları, onları törədənləri zərərsizləşdirmək üçün hüquqi rıçaqlar varmı?

Sualları cavablandıran hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, ölkə rəhbəri kifayət təcrübəli və tədbirli adamdır: “Dövlət başçısı bu prosesi birdən-birə başlamadı. Bu, artıq bir neçə ildir davam edən prosesin növbəti mərhələsidir. Prosesin əsas mərhələsi ötən il vergi qanunvericiliyinə edilən dəyişikliklərlə başladı. Və bu prosesin gedişində müqavimətlərin olduğunu ölkə rəhbəri özü də qeyd etdi. Belə müqavimətlərdən yalnız biri ictimailəşdi: Lerikdəki ”Relax" istirahət mərkəzində baş verən hadisə. Orada hətta dövlət-hakimiyyət orqanlarının nümayəndələrinə qarşı zor tətbiq edildi. Məndə olan məlumata görə, belə hadisələr bir neçə oliqarxik monopoliyalarda olub, amma Vergilər Nazirliyi geri çəkilməyərək qanunun tələb etdiyi addımları atıb. Eyni məsələ yalnız vergilərdə deyil. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hazırda bu sahədə böyük addımlar atır. Xüsusilə də Dövlət Sosial Müdafiə Fondunun xətti ilə ciddi addımlar atılır. Təbii ki, qanunsuz fəaliyyəti məhdudlaşdırılan şəxslərin bundan razı qalmaları gözlənilən deyil. Bu baxımdan, müqavimətin olması mütləqdir".

Ekspert qeyd edir ki, müqavimət dedikdə, yalnız hansısa qanunsuz addımlara gedilməsi, təxribatlar törədilməsini nəzərdə tutmur: “Məmur oliqarxların, müxtəlif monopoliyaların parlamentdə adamları var. Onlar vasitəsilə mübarizənin qanunverici bazasının formalaşdırılması prosesinin ləngidilməsi, yaxud müxətlif müddəaların yumşaldılmasına cəhdlər ola bilər. Hətta məhkəmə sistemi vasitəsilə də müqavimət mümkündür. Bu məsələdə əsas yük eyni zamanda hüquq-mühafizə orqanlarının üzərinə düşəcək və burada da kadr islahatlarının aparılması zəruridir. Belə olmasa, o müqavimət güclü ola bilər. Heç kəsdən gizli deyil ki, Azərbaycanda kölgə iqtisadiyyatı, monopoliyaların xeyli hissəsi hüquq-mühafizə orqanlarında çalışan bəzi şəxslərə bağlıdır, yaxud bu şəxslər tərəfindən himayə olunurlar. Bu baxımdan, dövlətin əlində olan qanuni rıçaqların işləməsi, müqavimətin vaxtında və operativ olaraq qarşısının alınması üçün bu himayədarlar vəzifədən uzaqlaşdırılmalıdır. Həmin şəxslərdən yeni və fərqli fəaliyyət gözləmək mümkün deyil. Əksinə, qanunvericiliyi yaxşı bilən bu adamlar həyata keçirilən tədbirlərə qarşı müqaviməti daha güclü qura bilərlər. Məhz buna görə də hüquq-mühafizə, məhkəmə sistemində kök salmış belə insanlarla bağlı ciddi addımlar atılmalıdır”.

Ə.Həsənovun sözlərinə görə, bütün mühüm sahələrdə rəhbərlik yeni təfəkkürlü şəxslərə həvalə edilməlidir: “Bu yeni təfəkkür isə yaşla bağlı deyil. Düşünürəm ki, kadr dəyişikliyi apararkən yalnız yaş məsələsi deyil, məmurun davranışları da nəzərə alınmalıdır. İctimaiyyətə qapalı şəxslərlə effektiv islahat aparmaq mümkün deyil. Məmurların ictimai açıqlığını təmin etməyin yolu gəlir bəyannamələrinin verilməsi və açıqlanmasıdır. Bu addımdan sonra hər hansı məmurun cəmiyyətə qapalı olması mümkünsüz hala gələcək. Bundan əlavə, yuxarıda da qeyd etdiyim kimi, hər hansı müqavimətin qarşısını almağın əsas yolu hüquq-mühafizə və məhkəmə sistemində islahatlara gedilməsidir”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR