"Ən mühüm problemlər işsizlik və manata təzyiqlərdir"

27-03-2020, 12:54 224 dəfə baxılıb

"Ən mühüm problemlər işsizlik və manata təzyiqlərdir"

Rəşad Həsənov: “Zərərləri azaltmaq üçün əlavə vəsaitin cəlb edilməsi zərurəti yaranacaq”

Neftin dünya bazar qiymətinin kəskin düşməsi, koronavirus pandemiyası səbəbilə iqtisadiyyatın digər sektorlarında da durğunluğun yaranması Azərbaycanda zərərçəkən sektorlara dövlət dəstəyinin ən qısa müddətdə təmin olunmasını tələb edir. Əksər dünya ölkələri, qonşumuz olan Rusiya da daxil olmaqla, belə mexanizmləri tətbiq etməyə başlayıblar.

Azərbaycanda da hökumət dəstək tədbirlərini müəyyənləşdirmək üçün 4 işçi qrup yaradıb. Lakin hələlik heç bir sektor üzrə konkret mexanizm hazırlanıb tətbiqinə başlanmayıb. Müstəqil ekspertlər təkidlə dəstək tədbirlərinin tətbiqində gecikməməyi tövsiyə edirlər.

İqtiadçı-ekspert Rəşad Həsənovla hazırda ölkədə yaranmış iqtisadi situasiya, problemlərdən mümkün çıxış yolları barədə qısa müsahibəni təqdim edirik.

-Rəşad bəy, hazırda ölkə iqtisadiyyatının hansı sahələrinə ilk növbədə yardım edilməlidir?

- Cari situasiya Azərbaycan iqtisadiyyatı üçün iki istiqamətdə yeni çağırışlar yaradır. Birincisi, koronovirus pandemiyasının yaratdığı izloyasiya, ikincisi isə neft qiymətlərinin kəskin azalmasıdır. Hər iki problem iqtisadiyyatın bütün sektorlarına neqativ təsir göstərməkdədir. Bununla belə, turizm sənayesi, o cümlədən yerləşdirmə və səyahətin təşkili, nəqliyyat sektoru, o cümlədən hava nəqliyyatı ilə sərnişin daşınması və şəhərlərarası sərnişindaşıma, ictimai iaşə sektoru, beynəlxalq tədbirlərin təşkili kimi sahələrdə daha ciddi zərərlər yaranmaqdadır.

-Bu günlərdə biznesə dövlət yardımı ilə bağlı ilkin parametrlər iqtisadiyyat naziri tərəfindən açıqlandı. Sizcə, hansı parametrlər əlavə olunmalıdır?

- İndiki halda mühüm problemlərdən biri iqtisadiyyatın əhəmiyyətli bir qisminin qeyri-formal olması və statisikanın zəif təşkili və məlumatlarının keyfiyyətinin aşağı olmasıdır. Buna görə də istənilən mükəmməl qiymətləndirmə meyarı belə mövcud vəziyyətin düzgün təhlili və dəstək tədbirlərinin əhatəliliyinin təmin edilməsində yetərsiz qalacaqdır. Bununla belə, hesab edirəm ki, məşğulluq, maliyyə əlçatanlığı, mövcud təşviq mexanizmlərindən yararlanmaq imkanı kimi məqamlar nəzərə alınmaqla mikro və kiçik sahibkarlıq dəstəklərin mərkəzində yer almalıdır.

-Kiçik və orta biznesin dəstəklənməsi üçün qısamüddətli dövrdə hansı addımlar atılmalıdır?

-İstənilən dəstək mexanizmi likvidliyin qorunması, xərclərin optimallaşdırılması və mövcud iş yerlərinin qorunması və yaxud ixtisarlarının maksimum azaldılması prinsiplərinə uyğun təşkil edilməlidir. KOB-lar üçün ilk olaraq maliyyə yükü yaradan bütün növ öhdəliklərin, o cümlədən kredit borclarının, cərimə və sanksiya borclarının, kommunal xidmətlər üzrə borcların təxirə salınması və kompensasiyası məsələsi həll edilməlidir. Çünki bir sıra fəaliyyət istiqamətləri üzrə fəaliyyətin tam dayanması, digərlərində isə tələbin azalması və məhdudlaşdırma kimi səbəblərdən müəssisələrin maliyyə vəziyyətini təsəvvür edilməyəcək səviyyədə pisləşdirib. Bundan başqa, vergi və digər fiskla öhdəliklər üzrə güzəştlər təklif edilməli, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi üçün dayanıqlı mexanizmlər hazırlanmalıdır.

-Qeyri-rəsmi məşğul olan on minlərlə insanın hazırda işsiz və pulsuz qaldığı aydındır. Bu insanlara dövlət yardımının çatdırılması mexanizmini necə görürsünüz? Belə adamları necə müəyyənləşdirmək mümkündür?

-Bu, çox mürəkkəb məsələdir. Neçə illərdir onu deməyə çalışırıq ki, statistika olmalıdır. Son əhalinin siyahıya alınması prosesinin necə biabırçı və məsuliyyətsiz təşkilinin də şahidi olduq. Cari vəziyyətdə hədəfli dəstək mexanizmlərinin işlənib haızrlanması çox çətindir. Ancaq bir məsələ aydındır ki, qeyri-rəsmi fəaliyyət sahələri də dayanıb. Yəni bundan əvvəl vətəndaş işləyib gəlirini gizlədirdisə, hazırda isə gəlirdən, gizli məşğulluqdan danışmaq doğru olmazdı. Buna görə də məsələn, ailədə dövlət və özəl sektorda muzdlu çalışanın olmaması, aktiv sahibkar olmaması, hansısa formada büdcədən müavinət, pensiya, təqaüd və başqa transfertlər almaması kimi meyarlar nəzərə alınmaqla digərlərinə ailə üzvlərinin sayına uyğun olaraq istehlak kartları paylana bilər. Beləliklə, təminatsız ailələrdə kommunal xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi və gündəlik zəruri tələbat mallarının istehlakı imkanı yaradıla bilər. Nəzərə almaq lazımdır ki, bir çöx ölkələr böhranla mübarizədə istehlak dəstəklənir və bu yolla biznesin aktivliyi təşviq olunur.

-Ayrılan 1 milyard manat dəyən zərəri qarşılamaq üçün yetərlidirmi, yoxsa dövlət əlavə vəsait də yönəltməli olacaq?

-Ümumiyyətlə, virusun mövcudluğu sona çatmadıqca, dünya bazarlarında müşahidə edilən qeyri-müəyyənliyə aydınlıq gəlmədikcə zərərin həcminin müəyyən edilməsi mümkün deyil. Zərərin miqyası COVID-19 pandemiyasının davametmə müddətindən asılı olacaqdır. Digər məsələ isə ayrılan bir milyardın hansı tədbirlərin maliyyələşməsinə yönəldilməsi məsələsidir. İndiki halda gizli iqtisadiyyatın yeganə avantajı ondan ibarətdir ki, biznes zərərlərini tam olaraq sübut edə bilməyəcək. Bu isə hökumətin bu istiqamətdə xərclərini azaldan faktorlardan biridir. Amma mənim fikrimcə, əlavə vəsaitin cəlb edilməsi zərurəti yaranacaq.

-Yaxınmüdətli dövrdə ölkə iqtisadiyyatında hansı neqativ proseslər daha çox gözləniləndir və hökumət onlara qarşı hansı addımlar ata bilər?

-Neqativ proseslər artıq başlayıb. Hazırda daxili və xarici konyuktur gözlənilmədiyi qədər pisləşib. Lakin hələ proseslər yenidir. Vaxt uzandıqca mənfi təsirlər daha da dərinləşəcək. Hazırda iki istiqamətdə vəziyyət sürətlə pisləşir. Birincisi, işsizlikdir. Bununla bağlı təcili addımlar atılmalıdır. İndiki halda iş yerlərinin yaradılması təşəbbüsləri absurd səslənəcək. Buna görə maddi dəstək mexanizmi yaradılmalıdır. İkinci məsələ isə manatın məzənnəsi üzərində artmaqda davam edən təzyiqdir. Cari vəziyyətdə hökumət bütün resurslardan və alətlərdən istifadə edərək məzənnənin sabitliyini qorumalıdır. Əks halda, vəziyyət nəzarət olunmayan məcralara yönələ, idxal inflyasiyası sürətlənə, alıcılıq daha da zəifləyə və böhranın idarəolunması xərci daha da arta bilər.(musavat.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR