MEDİA-dan gözləntilər: Əgər sələfinin yolu ilə gedərsə...

21-01-2021, 10:38 227 dəfə baxılıb

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında yaradılan Medianın İnkişafı Agentliyi (MEDİA) ətrafında müzakirələr davam etməkdədir. MEDİA-nın jurnalistika sahəsindəki problemləri zamanla həll edəcəyini düşünənlər də, qurumun mətbuatn "düzəldəcəyinə” şübhə ilə yanaşanlar da var. Mütəxəssislər hesab edirlər ki, bu sahədə islahata çoxdan ehtiyac var və dərin islahat vacibdir. Amma yeni yaradılan Agentlik bu islahatı apara biləcəkmi?

"Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev AYNA-ya deyib ki, MEDİA-nın Nizamnaməsində müəyyən maddələr var ki, şübhələr doğurur: "Agentliklə bağlı, onun necə fəaliyyət göstərəcəyi haqqında hələ ki, fikir bildirmək çətindir. Bu gün KİVDF adı oldu MEDİA. Yəni, hansısa dəyişiklik görünmür, Agentlik nəsə bir iş görsün, baxaq-görək. Amma Nizamnamə ilə tanış oldum, orada müəyyən məsələlər var ki, suallar doğurur. Məsələn, quruma səlahiyyət verilir ki, mediada gedən administrativ pozuntularla bağlı addımlar atsın, müəyyən orqanların qarşısında məsələ qaldırsın. Bu, medianın funksiyasına ziddir”.

"Ümumiyyətlə, belə yenilik ziddiyyətlidir. Söhbət azad mətbuatın inkişafından gedirsə, Agentlik belə işlərlə məşğul olmamalıdır. Azərbaycanda qanun var, məhkəmə var, kimin şikayəti varsa, şikayətini aidiyyəti qaydada edə bilər. Hesab edirəm ki, mediada islahat aparılırsa, bu cür inzibati üsullar düzgün deyil, belə səlahiyyətin verilməsi media azadlığına maneədir”, - mütəxəssis bildirib

"Nizamnamədə göstərilən bəndlərə əsaslanaraq, onu deyə bilərik ki, MEDİA KİVDF-nin funksiyasını yerinə yetirəcək. Məsələn, redaksiyalar KİVDF-yə yardım müraciət edəndə, oradan bildirilirdi ki, "filankəsi tənqid etmisiz, filankəsin əleyhinə yazmısız və s.”. Bunları dəqiq bilirəm. KİVDF yaranan gündən medianın sıradan çıxarılması, jurnalistlərin və redaksiyaların ələ alınması ilə məşğul olub. Nəticədə də mətbuat inkişaf etmədi, daha da geri getdi. Yeni yaranan qurum da bu cür fəaliyyət göstərəcəksə, o zaman, Azərbaycan mətbuatı inkişafdan qalacaq”, - deyə Əliyev vurğulayıb.

Müsahibimiz qeyd edib ki, mətbuatın dirçəldilməsi üçün lazımi yollar var: "Ən əsası media azad olmalıdır. Mən dəfələrlə çıxış yolları haqqında danışmışam, məqalələr yazmışam. Ona görə də, uzun-uzadı danışmaq istəmirəm. Məsələ burasındadır ki, bizdə vaxtilə qanun vardı və o qanun kifayət qədər normal idi. Sonradan həmin qanun dəyişdirildi, inkişaf üçün yox, medianın fəaliyyətini məhdudlaşdırmaq üçün dəyişdirildi. Düşünürəm ki, dəyişdirilən media qanununa yenidən baxılmalıdır, ciddi dəyişikliklər edilməlidir. Real addımlar atılmalıdır və biz hiss etməliyik ki, hökumət jurnalistikada islahatlarda həqiqətən maraqlıdır”.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə əksinə, hesab edir ki, MEDİA mətbuat sahəsindəki problemlərin aradan qaldırılmasında faydalı işlər görəcək. Onun AYNA-ya açıqlamasına görə, MEDİA-nın yaradılması haqqında sərəncam hazırkı dönəmdə çox vacib idi: "Belə agentliyə ehtiyac vardı. MEDİA-nın yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək. Yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da Agentliyin üzərinə vəzifələr qoyulub. Agentlik eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oynayacaq”.

"Diqqət yetirilməli vacib məsələ - mediada çalışan həmkarlarımızın yeni peşə standartlarına bələd olmaları, baş verən yenilikləri tətbiq etmək bacarıqlarına yiyələnmələri, mütəmadi şəkildə peşə vərdişlərini təkmilləşdirmələri, ixtisaslarını artırmaları ilə bağlıdır. Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Texnologiyalar inkişaf edir, jurnalistikanın siması dəyişir, çevik, rəqəmsal, konvergent jurnalistika formalaşır. Artıq ənənəvi KİV getdikcə öz yerini yeni mediaya verir. Janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış yenilənir. Bu baxımdan ixtisasla bağlı təkmilləşdirmə kurslarının mütəmadi olaraq təşkil edilməsi də əhəmiyyətli məqamdır”, - dekan qeyd edib.

Zifəroğlu inanır ki, MEDİA öz fəaliyyəti ilə medianın tərəqqisində əhəmiyyətli rol oynayacaq: "Hesab edirəm ki, Agentlik mətbuatın, redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına böyük dəstək verəcək. Bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, ümumən medianın nüfuzunu daha da artıracaq. MEDİA-nın Nizamnaməsi ilə tanış oldum, gördüm ki, çox qlobal məsələlərin həlli tələb edilir. Ümid edirəm ki, məramnamədə nəzərdə tutulan hallar həyata keçiriləcək, atılan addımlar jurnalistikanın inkişafına, azad sözün gücləndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, jurnalistlərin peşəkarlığının artırılması, sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində də prioritetlər var. Güman edirəm ki, MEDİA medianın inkişafında önəmli rol oynayacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR