Dmanisidə azərbaycanlılara hücum və svan basqınının izi ilə - NƏ BAŞ VERİR?

18-05-2021, 10:43 131 dəfə baxılıb

Gürcüstanda, Borçalının Dmanisi rayonunda svanlarla (Gürcüstanda azsaylı millət) Azərbaycan türkləri arasında insident yaşanıb. Gürcü mediasının xəbərinə görə, Dmanisi şəhərinin "9 aprel” küçəsində yerləşən "Ömər” marketə kütləvi hücum olub.

Mağaza sahibi Qəşəm Şamilov bildirib ki, hücumu həyata keçirənlər Dmanisidə yaşayan bir qrup svan olub. Soydaşımızın dediyinə görə, hucum edən şəxslər artıq bir neçə dəfə mağazaya gələrək aldıqları məhsulun pulunu verməyəcəklərini deyiblər. Mayın 16-sı saat 17:00 radələrində isə bir qrup svan əsilli şəxs mağazanın önünə gələrək mağazanın qarşısında duran gəncləri və mağaza sahiblərini döyməyə çalışıblar. Onlar azərbaycanlılara, müsəlmanlara Dmanisidə yer olmadığı ifadələrini işlədiblər.

Kütləvi hucum zamanı bir neçə nəfər ciddi xəsarət alıb. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.

İnsidentlə bağlı belə mülahizələr var ki, svanların bu davranışı sadə məişət məsələsindən çox, hazırlanmış təxribata bənzəyir. Çünki insident zamanı Azərbaycan türkləri təhqir edilir, milliyət məsələsi önə çıxır. Bəzi analitiklər hesab edirlər ki, Cənubi Qafqazda hazırkı siyasi situasiyada belə nifrət yanaşması ilə Borçalı türklərinə hücum təsadüfi deyil.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran "Borçalı” İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli deyib ki, bu, Azərbaycan türklərinə qarşı aqressiv formada kodlaşdırılmış bəzi gənclərin törətdiyi hadisədir:

- Ağlı başında olanlar bu hərəkəti etməməli idilər. Xüsusilə də qrup halında belə bir insident yaşanmasına çalışmamalıydılar. Görünən odur ki, burada məqsədyönlü fəaliyyət olub. Əvvəlcə gəliblər, təhqir ediblər, sonra dəstə ilə hücum ediblər. Ona görə məqsədyönlü deyirəm ki, faktlar bunu göstərir. Hansı qrupdur, icmadır, hazırlanmış təxribatçılardır – bunu istintaq müəyyənləşdirə bilər. Bütün hallarda etnik kimliyə qarşı həqarət var, millətimizi aşağılayan ifadələr işlədiblər. Bu, müəyyən ipucu verir ki, istintaq o istiqamətdə tədqiqat aparsın.

- Yəni ki, hazırlanmış təxribat ehtimalı böyükdür...?

- İstintaq dərin araşdırma aparıb, cinayətin səbəblərini üzə çıxarmalıdır. Biz hər zaman doğru olaraq Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını öymüşük. Rəsmi siyasətdə də bu xətt davam edir. Bizim təşkilat, "Borçalı” İctimai Birliyi də bu dostluq xəttinin müəlliflərindən, ideya qaynaqlarından biridir. İndiki zamanda bu cür halları pisləyirik. Geosiyasi gərginlik var, müəyyən maraqlı qüvvələr var, Qərbə inteqrasiya edənlərlə yerdə qalanların – Rusiya-İran ittifaqının davası var. Bu gərginliyi körükləməkdə maraqlı olan qüvvələrin olması danılmazdır ki, zaman-zaman müəyyən təxribatlar törədiblər.

- Dmanisidə əvvəllər də belə insidentlər olubmu?

- Əlbəttə. Dmanisi hər zaman gərginlik mənbəyi olub. Bizim vaxtilə Elat bayramını orada keçirməyimiz təsadüfi deyildi. Bu cür gərginlikləri aradan qaldırmağa, ayrı-ayrı etnik qruplar arasında sağlam münasibətlər qurmağa yönəlmişdi. Gürcüstanın indiki siyasi hakimiyyəti Elan bayramına qadağa qoydu. İndi yenidən Dmanisidə insidentlər yaşanır ki, bu da xoş deyil. Mən indiki halda məsələlərə soyuq başla yanaşmağın tərəfdarıyam. Təbii ki, hadisələr pislənməli, qınanmalı, etnik kimliyə qarşı təhqir faktları araşdırılmalıdır. Bizim təşkilat bu məsələlərlə bağlı bəyanat verib. Hesab edirəm ki, Gürcüstanın Baş naziri, daxili işlər naziri, Baş prokuroru və digər hüquq-mühafizə orqanlarının rəhbərliyi məsələyə müdaxilə etməlidir. Daha obyektiv, şəffaf araşdırma aparılmalıdır. Cinayətkarlar təcrid edilməlidir. Hadisəni ört-basdır etməklə, "gedin özünüz barışın” deməklə problemlər yoluna qoyula bilməz. Əksinə, sonrakı daha böyük insidentlərin yaşanmaması üçün ciddi tədbir görülməlidir.

- Hesab edirsiniz ki, cinayətkarlar cəzalandırılmasalar, böyük insidentlər yaşana bilər və millətlər və dövlətlər arasında gərginlik artar?

- Təbii ki, xırda qığılcımlar böyük fəlakətlərə yol aça bilir. Bu, heç bir xalqa lazım deyil - nə gürcülərə, nə də türklərə. Ciddi cəza olmalıdır. Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyəti dövründə etnik kimliyə görə təhqirə qarşı, xüsusilə Azərbaycan türklərinə təhqir mənasında işlədilən "Tatrebi” sözünə görə cinayət məsuliyyəti vardı. Dmanisidə baş verən insidentdə təhqir elementləri mövcuddur. Təhqir edən, insident törədən şəxslər cinayətlərinə görə məsuliyyətə cəlb edilməlidirlər. Bizim insanlarımıza rəsmi olaraq Gürcüstanın dövlət rəhbərliyi zəmanat haqqında bəyanatlar verməlidir. Gürcüstan rəhbərliyi çıxıb deməlidir ki, vətəndaş hüquqlarının bərpası təmin ediləcək.

Məncə, Azərbaycan hakimiyyəti də qətiyyət göstərməlidir, Borçalıdakı soydaşlarımıza biganə yanaşmamalıdır. Rəsmi Bakının Borçalı ilə bağlı siyasətində dəyişiklik olmalıdır. Borçalı bizim üçün tarazlıq nöqtəsidir. Belə xoşagəlməz proses orada zəncirvari şəkildə inkişaf edərsə, bu, Qafqazda gərginlikdə maraqlı olan qüvvələrin niyyətinin həyata keçməsi ilə nəticələnə bilər. Azərbaycan regionun güclü dövləti olaraq soydaşlarımızla bağlı Gürcüstandan hesab soruşmalıdır. Rəsmi Tiflisdən tələb edilməlidir ki, oradakı Azərbaycan türklərinin vətəndaş hüquqları yüksək səviyyədə təmin edilsin. Strateji tərəfdaşlıq da, geopolitika da bunu tələb edir.

Düşünürəm ki, bu mərhələ də arxada qalacaq, məsələ həllini tapacaq. Çünki bundan əvvəl ən ağır mərhələlərdən keçmişik. Silahlı qarşıdurmalardan, adam öldürülməsi hallarından tutmuş, digər insidentlərə qədər yaşanıb ki, bu təxribatları önləyə bilmişik. İndiki zamanda soydaşlarımız səbirli olmalı, hüquq çərçivəsində mübarizə aparılmalıdır. Hüquqdan kənar davranış odun üstünə benzin tökməkdən başqa bir şey deyil. Soyuq başla haqqı tələb etmək, müvafiq orqanlardan cinayətkarların cəzalandırılmasını tələb etmək lazımdır. Ağlımız, idrakımız, zəkamız mövcud təxribat ehtimallarını gözardı etməyərək problemin aradan qaldırılmasına səfərbər edilməlidir.

- Məişət davasından daha çox təxribata bənzəyən bu hadisənin bölgədəki hazırkı siyasi situasiyanın gərgin olduğu dövrdə baş verməsi təsadüfdürmü?

- Kimlərinsə xoşuna gəlmək üçün məsələlərə emosional münasibət bildirmək doğru olmazdı. Kimlərin hansı maraqları olduğu, bizləri kimlərin hədəfə aldığını aydın şəkildə bilirik. Təbii ki, ehtimallar çoxdur. Amma ehtimalları sübut etmək üçün tutarlı dəlillər olmalıdır. Çox arzu edirəm ki, hadisə məişət səviyyəsində baş vermiş hadisə olsun. Amma ayrı-ayrı şəxslərin etnik kimliyinin təhqir edilməsi faktları var ki, bu təhqiri edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Çünki bu hadisə qığılcımlana, böyüyə bilər. Svan-erməni birləşməsi ilə Azərbaycan türkləri arasında qarşıdurmanın olması kimin marağına xidmət edir? Əlbəttə, Rusiyanın, onun əlaltısı olan Ermənistanın, bir də PKK-nın. Ona görə də yenə deyirəm, bizim soydaşlarımız ağıllı və soyuqqanlı olmalıdırlar. Azərbaycan türkləri Qafqazda məsuliyyət yükü ağır olan millətdir. Biz məsuliyyətimizi dərk edib problemlərin böyüməsinin qarşısını almaq üçün ağılla addımlar atmalıyıq. Təxribatlara, təxribatlardan istifadəyə imkan verməməliyik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR