Qarabağ nizamlanmasında yeni format: Rusiya-Türkiyə-İran üçlüyü - TƏHLİL

31-10-2018, 18:02 502 dəfə baxılıb

Qarabağ nizamlanmasında yeni format: Rusiya-Türkiyə-İran üçlüyü - TƏHLİL


Rusiyalı tanınmış politoloq, Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin Qarabağ mövzusunda maraqlı fikirlər söyləyib. O hesab edir ki, Ermənistanın yeni hakimiyyəti münaqişənin nizama salınması prosesini həmsədrlərin keçmiş prezident Serj Sərkisyanın əvvəlki hökuməti ilə razılaşdırdığı şərtlərlə davam etdirəcək. O vaxt əldə olunmuş və əvvəlcə işğal edilmiş beş, perspektivdə isə yeddi rayonun azad olunmasını nəzərdə tutan razılığı, politoloq “Qarabağ münaqişəsinin blokdan çıxarılmasında başlanğıc üçün çox vacib məqam” adlandırıb.

Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra nizamasalma prosesində yaranmış vəziyyəti virtualaz.org-a şərh edən Duqin bildirib ki, ölkənin yeni lideri əvvəlcə, faktiki olaraq, bu razılıqlara riayət etməkdən imtina edib, amma indi, praqmatik düşüncələrin təsiri altında və bəlkə də bu məsələyə daha məsuliyyətli yanaşma səbəbindən Paşinyan bu istiqamətdə danışıqlar prosesini davam etdirməyə meyillidir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna səfərinə isə Rusiya eksperti kifayət qədər spektik yanaşıb: “ABŞ Qarabağ münaqişəsinin nizama salınmasında qətiyyən maraqlı deyil. Əksinə, gərginliyin eskalasiyası anti-İran siyasəti kontekstində onlara sərfəlidir. Qarabağ münaqişəsinin nizama salınması üzrə konstruktiv dialoqa qayıdılmasında bu münaqişənin bilavasitə toxunduğu ölkələrin iştirakı vacibdir. Bunlar Rusiya, Türkiyə və İrandır. Bəli, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır, amma bu, o demək deyil ki, İrəvan Moskva ilə manipulyasiya etmək cəhdlərinə təşəbbüs göstərə bilər. Rusiya ilə əməkdaşlıqdan Azərbaycana qarşı istifadə etmək olmaz. Rusiya Bakı ilə qarşıdurmada Ermənistanın əlində alət olmayacaq. Moskva həmişə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb. Biz Ermənistanla müttəfiqlərik, amma bu müttəfiqlik Azərbaycana qarşı yönəlməyib”.

Politoloqun sözlərinə görə, Qarabağ münaqişəsinin nizama salınması qarşılıqlı məqbul şərtlərə əsaslanmalıdır. Danışıqlarda Ermənistan Qarabağ əhalisinin erməni hissəsinin protektoru rolunda çıxış edir. “Bəs de-fakto və de-yure Azərbaycanın hissəsi kimi tanınan bu regionun Azərbaycan əhalisi hanı”, - Duqin soruşur.

Bəs Duqinin haqqında söz açdığı yeni formatın reallaşması mümkündürmü və bu format Azərbaycanın xeyrinə olarmı? Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar ABŞ-ın bölgədə fəallaşması, xüsusilə də Qarabağ münaqişəsinin həlli ilə bağlı ard-arda ciddi bəyanatlar səsləndirməsi, İrəvanda bu fikirləri daha sərt formada ifadə etməsi Rusiya tərəfindən çox qısqanclıqla qarşılanıb: “Rusiya Amerikanın fəallaşmasını, Qarabağ münaqişəsinin həlli üçün təşəbbüsü ələ almasını istəmir, Vaşinqtonu mümkün qədər uzaqda saxlamağa çalışır. İrəli sürülən yeni format da əslində buna xidmət edir. Duqinin şəxsiyyətinə hörmətimiz böyükdür. O, Azərbaycana yaxşı münasibəti olan insandır və uzun müddətdir ki, Dağlıq Qarabağ məsələsinə nisbətən obyektiv mövqe sərgiləyən rus ziyalılarından biridir. Onun Cocuq Mərcanlıya getməsi və orada Avrasiya İttifaqı adından böyük bir tədbir keçirməsinin özü tarixə düşmüş bir addımdır. Bu gün Duqin Rusiyanın indiki hakimiyyətinin ideoloqudur. Əlbəttə, desək ki, o, Rusiyanın maraqlarını buraxıb yalnız Azərbaycanın maraqları uğrunda vuruşacaq, bu, sadəlövhlük olardı”.

Politoloqa görə, indi də Kremlin ideoloqu kimi tanınan Duqinin dilindən Qarabağ məsələsi ilə bağlı məşğul olacaq yeni bir formatın təklif edilməsi Moskvanın Amerikaya “Qarabağ məsələsinin həlli üçün çox fəallıq göstərmə, səni bu prosesdən tam kənarda qoya bilərəm” mesajıdır. Sözügedən formatın reallaşmasının mümkün olub-olmadığına gəlincə, ekspert hesab edir ki, buna bir çox ciddi faktorlar mane olur: “Nəzərə alsaq ki, ABŞ sıradan bir güc deyil və Azərbaycana, həmçinin Ermənistana təsir imkanları da var, o zaman bəyan edilən formatın baş tutmasının mümkün olmadığını söyləmək mümkündür. Münaqişənin nizamlanmasında vasitəçilik missiyası BMT tərəfindən ATƏT-in Minsk Qrupuna və üç həmsədrə həvalə edilib. İran Minsk Qrupuna daxil deyil. İkincisi, böyük dövlətlər olan Amerikanı və Fransanı Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırmaq və münaqişənin tənzimlənməsində vasitəçiliyi Rusiyanın, Türkiyənin, İranın inhisarına vermək inanmıram ki, BMT və ATƏT tərəfindən müsbət qarşılansın. Üçüncüsü, hətta bu format qəbul edilsə belə, burada da, necə deyərlər, tərəzinin gözü Ermənistanın xeyrinə əyilir. Rusiyanın Ermənistanla hərbi müttəfiqliyi bəllidir, İranın da Dağlıq Qarabağ məsələsində Ermənistandan yana olacağı aydındır. Yeganə olaraq Türkiyə Azərbaycana qardaş ölkə kimi ədalətli mövqe tuta bilər. Türkiyənin Qarabağ məsələsinin həllində vasitəçilərdən biri olması əlbəttə ki, arzu ediləndir. Lakin bunu da Ermənistanın qəbul edəcəyi şübhə altındadır. Dördüncüsü, yeni formatın prosesdə vasitəçiliyə başlaması yenidən sıfır nöqtəsinə qayıtmaq olar. Bu da istər-istəməz məsələnin bir qədər də uzanmasına gətirib çıxaracaq”.

Bununla belə, Q.Hüseynli qeyd etdi ki, Qarabağ məsələsi onsuz da daha çox Rusiyanın inhisarındadır: “Həll modelləri haqqında irəli sürülən variantların böyük hissəsi Rusiyaya məxsusdur. Rusiya burada özünün bütün strateji niyyətlərini reallaşdırmaq istəyir. Mən Duqinin xoş niyyətinə inanıram. Duqin Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. Amma onun da səsləndirdiyi həll variantlarında Cənubi Qafqaz Rusiyanın ”arxa bağçası" kimi görünür. O səbəbdən də Rusiyanı İrandan ayırmayaraq gözünə də Türkiyəni qatır. Duqinin Qarabağ probleminin həlli ilə bağlı intellektual axtarışlarını alqışlamaqla yanaşı, böyük hörmət hissi ilə demək istəyirik ki, onun irəli sürdüyü variant Azərbaycanın maraqlarına cavab verə bilməz. Düzdür, ABŞ-la Rusiya arasında gedən mövqe savaşı, geosiyasi müharibə Dağlıq Qarabağ münaqişəsinin həllinə maneələrdəndir. Bu iki böyük dövlətin Qarabağ məsələsində də öz maraqlarını reallaşdırmaq uğrunda mübarizəsi hiss olunur. Qarabağ məsələsinin həlli üçün bu dövlətlərin ortaq nöqtə tapması hələ də mümkün olmayıb. Rusiya, Türkiyə və İran məhz Qarabağ münaqişəsi olan ərazinin yaxınlığında yerləşən ölkələr olduğu üçün nəzəri baxımdan söyləmək mümkündür, onlar ortaq nöqtə tapa bilərlər. Amma bu, çox az ehtimal olunandır".

Maraqlıdır ki, Aleksandr Duqinin yeni format ideyasını səsləndirməsindən bir gün sonra - dünən Milli Məclisin iclasında hakimiyyətə yaxın deputat Zahid Oruc ATƏT-in Minsk Qrupuna ehtiyac olmadığı bəyanatı ilə çıxış edib. Z.Oruc deyib ki, bu, bir qədər səs-küylü bəyanat ola bilər.

Amma buna cəmiyyət, dövlət qərar verməlidir. O qeyd edib ki, danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında keçirilməlidir: “Bunun üçün danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq lazımdır ki, danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR